Rusiyada neçə döyüşə hazır Tu-95 və Tu-160 qalıb?

DÜNYA
19:58 / 26.08.2026
35

Hazırda Rusiya Silahlı Qüvvələrinin Aerokosmik Qüvvələrinin tərkibində 15 Tu-160 və 47 Tu-95 təyyarəsi var. Onlardan 13 Tu-160 və 38 Tu-95 döyüşə hazır vəziyyətdədir. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi UNİAN-ın sorğusuna cavab olaraq məlumat verib.

Bir Tu-95MS dördədək X-101 raketi, Tu-160 isə 12-dək bu tip raket daşıya bilər.

Kəşfiyyatın məlumatına görə, Rusiyanın hərbi aerodromlarına endirilən zərbələr nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasının döyüşə hazır təyyarələrinin sayı azalıb.

Baş Kəşfiyyat İdarəsi vurğulayıb ki, Rusiya uzaqmənzilli aviasiyasının tərkibindəki təyyarələrin sayı nəzərə alındıqda, hətta bir təyyarənin itirilməsi də ciddi itkidir. Bununla belə, Rusiya Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçün aviasiya komponentindən istifadə etmək imkanını qoruyub saxlayır.

SSRİ dağıldıqdan sonra Rusiya Tu-160 istehsalını bərpa etməyə çalışır. Lakin hazırda Rusiya hərbi-sənaye kompleksi bu təyyarələrin yalnız təmirini və modernləşdirilməsini həyata keçirə bilir.

Kəşfiyyatın məlumatına görə, Rusiyanın neft emalı zavodlarına endirilən zərbələr strateji aviasiyanın istifadəsinə təsir göstərmir. Çünki hərbi, o cümlədən aviasiya texnikası prioritet qaydada yanacaqla təmin edilir.

Rusiya strateji aviasiyasını Ukraynadan uzaqda yerləşən aerodromlarda saxlamağa üstünlük verir. Bunun səbəbi mümkün zərbələrdən yayınmaqdır. Belə bazalar arasında Amur vilayətindəki “Ukrainka” və İrkutsk vilayətindəki “Bela” aerodromları göstərilir.

Zərbələrə hazırlıq zamanı təyyarələr Saratov vilayətindəki “Engels-2” və Murmansk vilayətindəki “Olenya” aerodromlarına köçürülür. Buradan onlar Ukraynaya zərbələr endirmək üçün raket buraxılış mövqelərinə doğru uçuşlar həyata keçirirlər.

Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiyanın Ukrayna ərazisindəki obyektlərə qarşı strateji aviasiyadan istifadə intensivliyi 2022–2024-cü illərlə müqayisədə bir qədər azalıb. Buna səbəb qanadlı aviasiya raketlərinin kifayət qədər aşağı effektivliyi hesab olunur.

Bunun əvəzində Rusiya ötən ilin sonlarından etibarən ballistik raketlərdən istifadəsini artırıb. Kəşfiyyatın bildirdiyinə görə, bunun əsas səbəbi Ukrayna Müdafiə Qüvvələrinin ballistik raketlərə qarşı məhdud müdafiə imkanlarına malik olmasıdır.

Samir 
 

0