Finlandiya prezidenti Aleksandr Stubb ölkəsinin 1941-1944-cü illərdə nasist Almaniyası ilə müttəfiqlik şəraitində SSRİ-yə qarşı apardığı müharibənin Finlandiyanın “müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda” aparıldığını bildirib.
HİT.az xəbər verir ki, bu fikirləri “Avropa həqiqəti”nə müsahibəsində səsləndirib.
“1941-1944-cü illərdə İkinci Sovet-Finlandiya müharibəsi, yaxud “Davam müharibəsi” baş verdi. Bizim üçün bu, müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda müharibə idi. Mən onun nəticəsini necə gördüyümü artıq bir dəfə demişəm. Finlandiya müstəqilliyini qorudu. Burada müstəqilliyini itirən baltikyanı dostlarımızdan daha çox şeyə nail ola bildik. Lakin suverenliyimizin bir hissəsini itirdik”, deyə Stubb bildirib.
Onun sözlərinə görə, finlər həmin vaxt “müdafiə xarakterli qələbə” qazanıblar, çünki “sağ qalıblar” və “millət kimi mövcuddurlar”. Prezident qeyd edib ki, Finlandiya ərazilərinin bir hissəsini itirməsi ilə barışıb, lakin Ukrayna üçün “hər şey belə olmayacaq və bunun mütləq belə olması da lazım deyil”.
Stubb əlavə edib ki, həmin təcrübə Finlandiyaya “Rusiya imperializminin tarixini müəyyən dərəcədə anlamaq” imkanı verib və ölkədə ukraynalılara qarşı “çox güclü rəğbət” formalaşdırıb.
1941-1944-cü illərdə baş vermiş Sovet-Finlandiya müharibəsi Böyük Vətən müharibəsinin bir hissəsi hesab olunur. Finlandiya nasist Almaniyasının rəhbərlik etdiyi koalisiyanın tərəfində çıxış edib və 1939-1940-cı illərdə baş vermiş Qış müharibəsi zamanı itirdiyi əraziləri geri qaytarmağa çalışıb.
Üçüncü Reyxin hərbi-dəniz və hərbi-hava qüvvələri SSRİ-yə qarşı Finlandiya ərazisindən fəaliyyət göstərib. Finlandiya qoşunları həmçinin Leninqradın blokadasında iştirak edib.
Sovet qoşunlarının Vıborq-Petrozavodsk hücum əməliyyatından sonra Finlandiya müharibədən çıxmaq üçün danışıqlara başlayıb. Ölkə 1940-cı il sərhədlərini qəbul edib, Petsamo rayonunu SSRİ-yə verib, təzminat ödəməyi və alman qoşunlarının öz ərazisindən çıxarılmasını öhdəsinə götürüb.
Stubb müsahibəsində həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünün Rusiya ilə münaqişədə Kiyev üçün “ən yaxşı nəticə” olacağını bildirib. O, ehtiyac yaranacağı təqdirdə Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda vasitəçi olmağa hazır olduğunu da deyib.
Samir


