Finvalların çıxardığı səs siqnalları onların enerji pikinin suda səs sürətindən daha sürətlə yayılması effektini yarada bilər. Bu qənaətə Pensilvaniya Universiteti və Vuds-Houl Okeanoqrafiya İnstitutunun fizikləri gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Physical Review E” jurnalında dərc olunub.
Tədqiqatçılar bir neçə sualtı səsyazma cihazından istifadə etməklə balinaların çıxardığı səslərin yayılma sürətini müəyyənləşdirməyə çalışıblar. Lakin hesablamalar qeyri-adi nəticələr göstərib. Dəniz suyunda gözlənilən təxminən saniyədə 1500 metr əvəzinə, siqnalın sürəti bəzi hallarda saniyədə 3000 metrə çatıb.
Alimlər müəyyən ediblər ki, bunun səbəbi okeanda səsin yayılmasının xüsusiyyətləri ilə bağlıdır. Səs dalğalarının bir hissəsi birbaşa qəbulediciyə doğru hərəkət edir, digər hissəsi isə suyun səthindən əks olunaraq daha uzun məsafə qət edir. Bu siqnallar qarşılaşdıqda müvəqqəti interferensiya yaranır — dalğalar bir-birinin üzərinə düşərək yeni enerji piki formalaşdırır.
“Belə pik həqiqətən ilkin dalğalardan daha sürətlə hərəkət edə və hətta səs sürətini keçə bilər. Bununla belə, səs dalğalarının özləri sürətlənmir və yaranan effekt fizika qanunlarının pozulması demək deyil”, deyə alimlər bildiriblər.
Oxşar hadisə işıqda da müşahidə olunur. Məsələn, işıqlandırma nöqtəsi səth boyunca işıq sürətindən daha sürətlə hərəkət edə bilər, halbuki işıq dalğalarının özləri adi sürətlə yayılır. Əsas fərq ondan ibarətdir ki, belə enerji piki informasiya daşımır. Buna görə də onun vasitəsilə siqnalı icazə verilən sürətdən daha sürətlə ötürmək mümkün deyil.
Alimlərin fikrincə, müvəqqəti interferensiya balinaların mahnılarının ölçülməsi zamanı əldə edilən qeyri-adi nəticələri izah edə və gələcəkdə səs siqnalları vasitəsilə heyvanların yerinin daha dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər.
Tədqiqatçılar mexanizmi eksperimental olaraq təsdiqləməyi planlaşdırırlar. Bunun üçün əvvəlcə səs dalğalarının bərk səthdən əks olunmasını, daha sonra isə lazer impulslarından istifadəni sınaqdan keçirəcəklər.
Samir


