Rusiya valyuta satışını qadağan etdi, indi Çin yuanı yığır (ŞƏRH)

İQTİSADİYYAT
13:40 / 09.03.2022
1553

"Rusiyada valyuta satışı 6 aylıq qadağan edildi”.

HİT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.
 
O bildirib ki, Rusiyanın Mərkəzi Bankı vətəndaşların banklarda xarici valyutada olan vəsaitlərinin, o cümlədən əmanətlərinin verilməsinin yeni qaydasını təsdiq edib:

"9 mart – 9 sentyabr tarixləri əhatə edəcək yeni qaydalara görə, müştəri hesabından nağd qaydada ən çoxu 10 min ABŞ dolları çıxara bilər. Vəsaitin qalan hissəsini konkret tarixə bazar məzənnəsi ilə rublda çıxarmalıdır. Rəsmi məlumata inansaq, xarici valyutada olan hesabların 90%-də ümumi məbləğ 10 min dollardan çox deyil. Bu o deməkdir ki, məcburi qaydanın tələbləri ilə 10% bank müştərisi üzləşəcək. Rəqəmlər ilk baxışdan əhalinin xeyrinə görünə bilər. Problem ondadır ki, vəsaitlərin əsas hissəsi məhz 10% qrupuna məxsusdur”.

Samir Əliyev əlavə edib ki, bankların ən azı sentyabra qədər əhaliyə valyuta satması qadağan olunur:

"Ancaq əhalidən valyuta alışına icazə verilir. Bu qadağa faktiki olaraq Rusiyada qara bazarın inkişafına təkan verəcək. Bu arada Rusiyanın VTB bankı Çin yuanı ilə əmanət qəbuluna başlayıb. 3-6 aylıq müddətinə cəlb edilən vəsait üçün bank illik 8% təklif edir. Bu, kifayət qədər yüksək faizdir. Yəqin ki, digər banklar da analoji addımı atacaqlar”.

0