Metrodakı sıxlıq bitmir, amma gediş haqqının artırılması gündəmə gəlib...

İQTİSADİYYAT
16:22 / 02.11.2023
723

Azərbaycanda yenidən metroda gediş haqqının artırılması gündəmə gəlib. 

Hətta "Bakı Metropoliteni"nin sədr müvani Hidayət Məmmədovun bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyini açıqlaması gündəmi zəbt edib. Bir çoxları bu açıqlamanın gediş haqqının artacağının siqnalı kimi dəyərləndirdi. Artıq sosial şəbəkələrdə ictimai nəqliyyatdakı gediş haqqının 10 qəpik artaraq 50 qəpik olacağı ilə bağlı iddialar yayılmağa başlayıb. 

Nə hikmətdirsə, "Bakı Metropoliteni" hər dəfə zərərlə işlədiyini və gediş haqqının onları qane etmədiyini deyir. İllər keçir, amma biz daima bu sözləri eşidirik. Baxmayaraq ki, Azərbaycanın dövlət büdcəsindən "Bakı Metropoliteni"nə kifayət qədər yüksək vəsait ayrılır. Həmçinin, metroda dəhşətli sıxlığın olduğunu hər gün görürük. Sözügedən sıxlıqla bağlı şikayətlər isə durmadan artmaqdadır. Lakin niyəsə bütün bunlar "Metropoliten"ə lazımi qazancı vermir. Hər halda, rəsmi açıqlamalar belədir...

Bir şeyi anlamaqda çətinlik çəkirik. İnsanlar işə gedib-gələrkən rahat şəkildə qatarlara minə bilmirlər. Ən azından 2-3 qatar ötürdükdən sonra birtəhər kiçicik yer taparaq minməyə nail olurlar. Nəfəs almaqda çətinlik çəkərək, sıxlığın pik səviyyəsinə məruz qalaraq yol getməyə məcbur qalırlar. Amma nəticə dəyişmir...

Üstəlik, hər dəfə gediş haqqı artanda bundan sonra daha yaxşı olacağı, problemlərin arxada qalacağı kimi açıqlamalar verilir. Amma gediş haqqının artmasından sonra indiyə kimi bir dəfə də "Bakı Metropoliteni"ndəki problemlər, ələlxüsus da sıxlıq öz həllini tapmayıb. Həmçinin, intervalın həddindən çox olduğu, qatarların gex gəldiyinə dair saysız-hesabsız fakt var. Yəni gediş haqqı artılır, amma xidmət keyfiyyəti yox. Yaxşı olardı ki, öncəliklə interval azaldılsın və sıxlığın aradan götürülməsi üçün addımlar atılsın...

Onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqı artan kimi eyni anda avtobuslarda da analoji addım atılır. İctimai nəqliyyatdakı sözügedən artım isə taksilərdəki gediş haqqı və yanacaq qiymətlərində də özünü biruzə verir. Bunların baş verməsi isə digər sahələrdə bahalaşmaya səbəb olur. Yəni "Bakı Metropoliteni"nin 10 qəpik artım etməsi "domino effekti" yaradaraq bütün sahələrə təsir edir. 

İşə gedib gəlmək üçün vətəndaşların əksəriyyətinin həm metro, həm də avtobusdan istifadə etdiyini düşünsək, o zaman ictimai nəqliyyatdakı gediş haqqının həmin şəxslərin də büdcəsinə çox mənfi təsir edəcəyini görərik.

Ümid edirik ki, sözügedən iddialar əsassız olar və ictimai nəqliyyatda hər hansısa qiymət artımı olmaz...

Pərviz

0