Güzəştli mənzillər əlçatmaz xəyal yoxsa reallıq?

İQTİSADİYYAT
14:26 / 06.03.2024
251

Nə zamandır kreditlə və ya ipoteka ilə ev almaq istəyirəm. Məlum məsələdir, bir gənc olaraq mənim əlimdə evi nağd alacaq qədər vəsait yoxdur.

Dəfələrlə MİDA-ya güzəştli mənzil üçün müraciət etsəm də evlər saniyələr içində satılıb qurtarır, əlim boş qalır. İpoteka ilə bağlı müraciətlərim də nəticəsiz qalır. Əmək haqqım yetmir. Kreditlə  satılan evlərin isə aylıq ödənişi ən aşağı halda 800-900 manatdır. 

Bütün maaşımı aylıq ödəmələrə versəm, nə yeyəcəm, nə geyəcəm?

Evi evlənmək üçün alıram. Deyək ki, zar-zor kreditlə evi ala bildim. Hərçənd, bu elə özü də xəyaldır. Bəs onda necə evlənəcəm, ailə qayğılarımı necə çəkəcəm?

“Kirayədə qal” dediyinizi eşidirəm. Onsuz da kirayədə yaşayıram. Amma indi 2-3 oğlan bir ortaq mənzili bölüşürük, xərcimiz az olsun deyə. Ailə ilə birlikdə yaşamaq üçün Bakıda mərkəzə yaxın babat bir mənzilin kirayə haqqı 400 manatdan başlayır.

Hər bir halda pul cibimdən getsə də, mən evsiz və narahat vəziyyətdə qalıram.

Mənim dərdimdə olan minlərlə gənc var.  Üzümü əlaqədar qurumlara tuturam, bu ipotekanı, güzəştli mənzili, sosial evləri, krediti  vermirsinizsə, bir yolluq deyin vermirik.

Yoxsa adını yalandan kütlə üçün nəzərdə tutub bir qrup imkanlı adam bu mənzilləri, pulları qamarlayacaqsa deyin, biz də işimizi bilək.

Bəyəm sizlər bilmirsiniz ki, orta statistik azərbaycanlının ayda 1000-1500 manat kredit xərci ödəmək imkanı yoxdur?

Dövlətin qurduğu gözəl planların , ideyaların üzərinə bir qrup məmur kölgə salır. Ümid var, reallıq yoxdur. ən böyük dərd budur.

Murad

0