Ət bahalaşır: Ekspert səbəblərdən DANIŞDI

İQTİSADİYYAT
10:30 / 12.03.2024
331

Son günlərdə ətin qiymətinin yenidən bahalaşdığı müşahidə olunur.

Bahalaşma ilk növbədə bölgələrdə qeydə alındı. Belə ki, qiymətlərdə 1-2 manatlıq artım oldu. Ardınca isə sözügedən bahalaşma paytaxtda da hiss olunmağa başladı.

Ümumiyyətlə, ətin bahalaşmasına səbəb nədir?

Qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında bildirib ki, fermerlərin sayı get-gedə azalmaqdadır:

"Artıq iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanılmasına maraq azalır. Çünki onların örüş yerləri yoxdur. Həmçinin, dövlətin ayırdığı pullar düzgün istifadə olunmayaraq bəzən fermerlərə xəstə inəklər verilir. Bununla da fermerlər də həvəsdən salınır. Çox təəssüflər olsun ki, bu, reallıqdır və bununla bağlı bir çox material da var".

Ekspert onu da qeyd edib ki, ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanlara olan tələbat artıb:

"Buna görə də məcburiyyət qarşısında ölkəyə ət idxal olunur. Xaricdən gətirilən ətin xərcləri isə qiymətin bahalaşmasına səbəb olur. Hesab edirəm ki, ətin bahalaşmasının qarşısını almaq üçün yerli fermerlərdə maraq oyatmaq lazımdır. Örüş yerləri olmalıdır, təsərrüfat gücləndirilməlidir. Fermerlər iribuynuzlu və xırdabuynuzlu heyvanların çoxalmasında maraqlı olsalar, ətin də qiyməti ucuzlaşar". 

Pərviz

0