Azərbaycanda ərzaq ucuzlaşacaq?

İQTİSADİYYAT
20:00 / 09.09.2024
198

Dünyada şəkər, ət və taxıl məhsullarında ucuzlaşma qeydə alınıb. Ümumilikdə, qlobal ərzaq qiymətləri illik bazada 1,1% azalıb. Adətən, ərzaq qiymətlərində baş verən qlobal dəyişikliklər Azərbaycan bazarına da müəyyən mənada təsir göstərir. Bununla yanaşı, qiymətlərin formalaşmasında ölkə daxilindəki faktorlar da rol oyanır. İqtisadçılar hesab edirlər ki, hazırda qlobal ərzaq qiymətlərində baş verən dəyişikliklər o qədər də böyük göstərici hesab edilməsə də, Azərbaycan bazarına müəyyən mənada təsir göstərə bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bütün zamanlarda dünyada gedən bahalaşma dərhal Azərbaycanın daxili bazarına təsir edir.

Ekspertin sözlərinə görə, xüsusilə də ərzaq məhsulları üzrə bu təsirlər özünü daha çox göstərir: “Bu, ona görə baş verir ki, Azərbaycan bazarı həm idxaldan asılıdır, həm də müəyyən qədər inhisarçılıq da var. Qiymətin ucuzlaşmasına inhisarçılar çox gec reaksiya verirlər, bəzən isə heç reaksiya vermirlər. Amma qiymətin bahalaşmasına çox həssas yanaşırlar, dərhal reaksiya verirlər. Bu, onunla bağlıdır ki, qiymətin ucuzlaşması həmişə inhisarçıya zərər gətirir, bahalaşma isə mənfəətini artırır. Üstəgəl, onun qarşısında qorxacağı, ehtiyat edəcəyi bir rəqibi, opponenti yoxdur. Ona görə də qiymətlərin ucuzlaşmasına ölkə daxilində reaksiya verilmir”.

A.Nəsirli vurğulayıb ki, dünyada ərzaq qiymətlərində cüzi azalmanın olmasına baxmayaraq, bunun Azərbaycan bazarına o qədər də ciddi təsiri gözlənilmir: “Ona görə ki, ölkə daxilində kənd təsərrüfatı üzrə istehsal get-gedə zəifləyir, məhsuldarlıq aşağı düşür. Ərzaq məhsullarının da böyük əksəriyyətinin mənşəyi kənd təsərrüfatıdır. Ümumi götürdükdə, dünyada ərzaq məhsullarının qiyməti az da olsa ucuzlaşır, Azərbaycanda isə bahalaşır. Məsələn, dünyada ətin qiyməti ucuzlaşır, bizdə isə bahalaşır. Bundan başqa, dünyada un və un məmulatlarının qiyməti aşağı düşür, Azərbaycanda isə sabit qalır. Bu, əsasən inhisarçılıqla bağlıdır. Digər tərəfdən, Azərbaycan bu məhsullar üzrə idxaldan asılı olduğuna görə həmin məhsulların bəzi hallarda çatışmazlığı yaranır. Yəni açıq qalan tələb yaranır. Bu tələbin yaranması isə qiymətin bahalaşmasını şərtləndirən əsas məsələlərdən biridir. Məsələn, ölkə daxilində ət istehsalı ilbəil azalırsa, bunun əvəzində idxal artmalıdır ki, ölkə daxilində sabitlik yaransın. Lakin bu idxal da o tələbatı tam olaraq ödəyə bilmir. Ona görə də qiymətlər bahalaşır. Bahalaşmanın bir səbəbi də budur”.  

Məlumat üçün bildirək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 149,8 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, 172,8 milyon dollar dəyərində dənli bitkilər, 68,5 milyon dollar dəyərində ət, 119,8 milyon dollar dəyərində isə bitki və heyvan mənşəli yağlar idxal edilib. Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 18 milyard 744,9 milyon manat olub. Rəsmi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 10392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8352 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünya ərzaq bazarında baş verən hadisələr Azərbaycan bazarına da təsir göstərir. O, son 2-3 ildə bəzi ərzaq qiymətlərindəki dəyişikliyi xatırladıb:

“Məsələn, duru yağların qiyməti 2022-ci ildə kəskin qalxmışdı, 2023-cü ilin ortalarından sonra düşməyə başladı. Buğdanın qiyməti dünya ərzaq bazarında kəskin bahalaşmışdı, amma 2023-cü ilin əvvəlindən ucuzlaşmağa başladı. FAO-nun ərzaq qiyməti indeksində 5-6 əsas alt komponent yer alır. Bunlara ət, ağartı məhsulları, dənli bitkilər, şəkər məhsulları, duru yağlar və s. daxildir. Bu məhsulların birində qiymət indeksi artır, digərində azalır. Qlobal ərzaq qiymətlərinin illik bazada 1,1% azalması çox cüzi ucuzlaşmadır”.

X.Kərimlinin sözlərinə görə, dünyada ərzaq qiymətlərinin azalması Azərbaycan bazarına da təsir göstərir: “Fikir versəniz, son dövrlər bir az ərzaq qiymətlərində müəyyən stabilləşmə müşahidə olunurdu. Lakin dizel yanacağının qiymətinin artırılması ərzaq qiymətlərinə müəyyən mənada təsir göstərdi. Qiymətlərin əmələ gəlməsində təkcə dünya ərzaq bazarında baş verən proseslər deyil, ölkə daxilindəki faktorlar, logistik məsələlər də rmüəyyən rol oynayır. Amma göründüyü kimi qiymətlər, demək olar ki, stabilləşib, qiymətlərdə nə kəskin artım, nə də azalmalar var”.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında dünyada ərzaq qiymətlərinin ucuzlaşmasının hələ ki həlledici məqamda olmadığını deyib. O vurğulayıb ki, qiymətlərin 1% ucuzlaşması ümumi bazar qiymətlərinə o qədər də ciddi təsir etmir: “Ümumiyyətlə, Azərbaycanda həm idxaldan asılılığın olması, həm də dizel yanacağının qiymətində dəyişikliyin baş verməsi ərzaq qiymətlərinə ciddi mənfi təsir göstərdi. Kənd təsərrüfatı məhsullarında daşınma, istehsal xərcləri, səpin, yığın və emal işlərinin hamısı dizel yanacağının vasitəsilə həyata keçirilir. Ona görə də Azərbaycanda ərzaq qiymətlərinin artımının dünyadan fərqli səbəbləri də var. Bu səbəblərdən biri də dizel yanacağının qiymətinin artmasıdır”.

0