Pandemiyaya görə güzəştli kreditlər başlayır - ŞƏRTLƏR, QAYDALAR

İQTİSADİYYAT
19:43 / 17.06.2020
1979

Yaxın günlərdə Azərbaycanda sahibkarlara koronavirus pandemiyasına görə güzəştli kreditlərin verilməsinə başlanacaq.

FED.az xatırladır ki, bir neçə gün əvvəl prezident İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun (əvvəlki Sahibkarlığa Yardım fondu) vəsaitlərindən istifadə üzrə yeni qaydaları təsdiqləyib. Bu qaydalara edilən dəyişikliklərin bir hissəsi Fondun indiyədək ayırdığı güzəştli kreditlərə aiddir.

Amma əsas yeniliklər koronavirusdan zərər çəkən sahibkarlara dəstək məqsədi daşıyır, burada bir sıra ciddi yeniliklər nəzərdə tutulub ki, onların da yaxın günlərdə başlaması gözlənilir.

Əsas yeniliklərdən biri martın 10-dək kredit götürmüş sahibkarların kreditlərinin faizlərinin bir hissəsinin, daha dəqiqi 10%-in dövlət tərəfindən ödənilməsidir. Sadə desək, sahibakar, məsələn 17%-lə kredit götürübsə, onun 10%-ni dövlət ödəyəcək. Bu güzəştin müdəti bir ildir, yəni bir ildən sonra, sahibkar kreditini adi qaydada qaytaracaq və faizi də tam şəkildə özü ödəyəcək.

Qeyd edək ki, hazırda Azərbaycan banklarında kredit əsasən annuitet qaydada (hər ay eyni məbləğ) ödənildiyinə görə, kredit müddətinin ilk dövrlərində ödənilən məbləğdə faizlərin payı daha böyükdür. Məsələn, illik 15% dərəcə ilə 3 illik müddətə 100 min manat kredit götürülərkən aylıq ödəniş sabit 3466 manat təşkil edir.

İlk 12 ayda bu məbləğin 1250-925 manatı faizlərdir. Axırıncı 12 ayda isə yenə də 3466 manat ödəniş olduğu halda bu məbləğin 480-127 manatı faizlərin payına düşür.

Sahibkarlığın İnkişaf Fondunun nümayəndəsi İsmayıl Hüseynov FED.az-a bildirib ki, güzəşt dövründə ödənişdə faizlərin payının az və ya çox olmasına fərq qoyulmayacaq: «Faiz hissəsi nə qədərdirsə, həmin hissədə güzəşt olunan hissə ödəniləcək».

Bu o deməkdir ki, yuxarıda çəkilən misalı nəzərə alanda, ilk 12 ayda faiz məbləğləri 1250-925 manatdırsa, dövlətin ödəyəcəyi məbləğ aylıq 833-616 manat arasında dəyişəcək. Başqa sözlə, krediti yeni götürənlər bu güzəştdən daha çox faydalanacaqlar. Hökumət bu məqsədlə 1 milyard manata yaxın vəsapit nəzərdə tutub.

Hazırda bu güzəştə bağlı son tamamlama işləri gedir və sahibkarlar bu güzəşti almaq üçün kredit götürdükləri banklara müraciət edəcəklər.

İş adamları üçün yeni başlayacaq ikinci mühüm yenilik isə yeni kreditlərin verilməsidir. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında sahibkarlara güzəştli şərtlərlə 500 milyon manat kredit ayrılacağı bildirilmişdi. İndi həmin ayrılmasına hazırlıq işləri bitib.

Bu kreditlər bankların vəsaiti hesabına veriləcək - banklarda kifayət qədər vəsait var – son məlumata görə 9 milyard manat izafi likvidlik (yəni kredit kimi ayrıla bilən, amma verə bilmədikləri vəsiat) mövcuddur.

Dövlət isə bu kreditlərin cəlbedici olmasına dəstək verəcək. Kreditlər maksimum 15%-lə və maksimum 3 illik müddətə veriləcək.

Bu faizlərin yarısını (maksimum 7,5%) dövlət ödəyəcək. Bundan başqa, həmin kreditlərin 60%-nə dövlət təminat verəcək.

Bu o deməkdir ki, sahibkarlar, məsələn, 100 min manatı 3 illik müddətə illik 15%-lə götürürsə, onun aylıq ödənişi 3466 manat deyil, 3110 manat olacaq. Və o sonda banka 24800 manat deyil, 12 min manat artıq ödəniş edəcək.

Digər yenilik odur ki, bu krediti götürmək üçün sahibkar 100 min üçün deyil, uzağı 40 min manat üçün girov təqdim etməli olacaq. Bu da həm sahibkarların işini asanlaşdıracaq, həm də bankların risklərini azaldacaq. «Ola bilər ki, dövlətin 60%-lik zəmanətindən sonra banklar kreditin qalan 40%-lik hissəsi üçün ümumiyyətlə kredit tələb etməsinlər, çünki ortada dövlət zəmanəti var»-deyə İsmayıl HZüyseynrov bildirib.

Onun sözlərinə görə bu kreditlər götürmək üçün müraciətlərə yaxın günlərdə start veriləcək. Hazırda bununla bağlı Fondda elektron sistem yaradılır, həmin sistes vasitəsilə sahibkar eyni vaxtda həm banka (özü seçəcək ki, krediti hansı bankdan götürsün), həm də fonda müraciət edəcək.

Fond nümayəndəsi bildirir ki, bu güzəştlərin illik 15%-lə verilən kreditlərə aid olması bankları məbur edəcək ki, onlar da kreditləri həmin faizlə versinlər: «Tutaq ki, bankın seçimi var, krediti 15% və ya 16%-lə vermək üçün, Təbii ki, onlar 15%-lə ayırmağa üstünlük verəcəklər, çünki bu halda həm kreditə dövlət zəmanəti var, həm də faizlərin bir ihisəsini dövlət ödəyir, deməli bu krediti ödəmək sahibkar üçün daha asan olacaq»- deyə fond nümayəndəsi bildirir.

0