"Joze Mourinyonun bacarığını heç kim şübhə altına ala bilməz".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Mourinyonun fərqli komandalarda qazandığı kuboklar uğurlu işinin məhsuludur:
"Ümumiyyətlə, qısa zaman ərzində bir məşqçinin işini dəyərləndirmək düzgün deyil. Bu səbəbdən də Mourinyonun "Fənərbağça"da nə qədər uğurlu olacağını zaman göstərəcək. Mən onun İstanbul klubunda uğur qazanacağına tam əminəm.
Lakin buna nə qədər müddətdə nail olacağını deyə bilmərəm. Onun istədiyi futbolçuları transfer etməsi, öz oyun üslubunu futbolçulara nə qədər vaxta çatdıra bilməsi sual doğurur. Çünki bunlar təkcə Mourinyodan asılı deyil. Futbolçular və komandanın rəhbərliyindən də çox şey asılı olacaq".
Həmsöhbətimiz hesab edir ki, qısa zaman kəsiyində Mourinyonun oyunu barədə nə isə demək üçün hələ tezdir:
"Mourinyo hazırda "Fənərbağça"da daha çox keçidlərin üzərində çalışır. Komandaya keçid futbolu oynatmaq və topu sürətli şəkildə rəqibinin qapısına aparmaq istəyir. Belə oyun üslubu da futbolçulardan daha tez düşünməyi və qərar verməyi tələb edir. Lakin zürətli hücum futbolu oynatmaq üçün Mourinyoya çox zaman lazım olduğunu düşünürəm".
Aslan Kərimov diqqətə çatdırıb ki, bizi bu mövsüm Super Liqada gərgin mübarizə gözləyir:
"Hazırda "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" arasında çempionluq uğrunda çox qızğın mübarizə yaşanır. Bunun son tura qədər davam etməsi gözlənilir. Ona görə də Mourinyonun bu mövsüm uğur qazanıb-qazanmayacağını dəqiq deyə bilmərəm. Buna baxmayaraq, onun uzun müddətdə belə olsa, "Fənərbağça"da çempion olacağına inanıram".
Onun sözlərinə görə, mövsüm sonunda Joze Mourinyonun "Fənərbağça"dan ayrılması gözlənilmir:
"Mourinyo ilə mövsüm sonunda yolların ayrılacağına da inanmıram. Sadəcə həddindən artıq uğursuz olsa və komanda 5-ci falan yeri tutsa, onunla yollar ayrılar. Bu isə inandırıcı görünmür. Hesab edirəm ki, Mourinyonun "Fənərbağça"da 1 mövsüm daha şansı olmalıdır".
Pərviz