Azərbaycanda teatra maraq niyə azalıb? - Tanınmış aktrisa ilə MÜSAHİBƏ

MAQAZİN
15:26 / 01.04.2024
9203

"Azərbaycan filmləri ilə tamaşalarının inkişafı arasında elə də böyük bir fərq yoxdur. Hər iksi tamaşaçı baxımından yoxsulluq çəkir". 

Bu sözləri tanınmış aktrisa Günay Həsən Hit.az-a müsahibəsində deyib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Günay xanım, Azərbaycanda teatra marağı artırmaq üçün nə etmək lazımdır? 
- Düşünürəm ki, piar işi genişləndirilməlidir. Hər işin alıcısı var. Sadəcə tamaşanın varlığını tamaşaçıya çatdırmaq lazımdır. Ancaq teatrda yox, ümumiyyətlə Azərbaycan kinosunda da piar zəifdir. Dünya təcrübəsinə baxsaq görərik ki, ümumi büdcənin 30% piara ayrılır. Bizdə isə dosta, qardaşa demək piar sayılır. 

Ümumiyyətlə, Azərbaycanda teatrlarda büdcə açıqlanmır. Büdcənin az olması da, yeyintinin çox olması da buna səbəb ola bilər. Amma piar üçün keyfiyyət də önəmlidir. Bizdə isə keyfiyyət var, amma onu bəzəmək yoxdur. Fikrimcə, Türkiyədə olan “Alice” tamaşasını nümunə olaraq götüb, mənimsəmək olar.

- Xüsusilə bölgələrdə teatrları inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Düşünürəm ki, sistemləşdirilmiş iş getsə nəticə verər. Ən kasıb variantda SSRİ təcrübəsini yenidən istifadə edilə bilər. Böyük şəhərlərdə tamaşalar mövcuddur, amma rayonlarda və kəndlərdə əlçatan olmaq lazımdır. 

- Ölkəmizdə teatra maraq nə üçün azalıb?
- Dünya inkişaf edir, insanların tələbləri də dəyişir. Artıq hər şey bir telefon uzaqlığındadır. Yəni, səbəb internetdir. Amma biz nəyisə və ya kimisə günahlandırmaqdan daha çox mövcud vəziyyətlə necə ayaqlaşa bilərik deyə fikirləşib, özümüzü inkişaf etdirməliyik.

- Tamaşaçılarla yanaşı, bəzi aktyorların da teatrlardan uzaqlaşdığını görürük. Bəs bu daha çox nə ilə əlaqədardır? 
- Bütün aktyorların maraqları teatr olmalıdır deyə bir anlayış yoxdur. Kimin marağı, sevgisi və qazancı hansı yöndədirsə ora yönəlir. Amma teatrımız da o qədər çox deyil ki, bütün aktyorlardan istifadə olunsun. 

- Necə düşünürsünüz, nə üçün filmlərlə tamaşalara olan maraq arasında belə böyük fərq yarandı?
- Dinamik və əlçatan olduğu üçün ola bilər. Amma Azərbaycan filmləri ilə tamaşalarının inkişafı arasında elə də böyük bir fərq yoxdur. Hər iksi tamaşaçı baxımından yoxsulluq çəkir. Ümumiyyətlə, bu problemlərlərin həllinə bu işdən cavabdeh olan insanlar cavab versə və icra etsə daha yaxşı olar.

Pərviz Şimşək

1