2023-cü ildə alimlərin indiyədək qeydə alınmış ən yüksək enerjili hissəciklərdən birini aşkarlaması kosmosun sirrləri ilə bağlı yeni fərziyyə yaradıb. Tədqiqatçılar hesab edirlər ki, bu hissəciyin mənbəyi Böyük partlayışdan sonra yaranmış, ölçüsü atomdan da kiçik ola bilən ilkin qara dəlikdir.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri yazıb.
2023-cü il fevralın 13-də Siciliya sahilləri yaxınlığında dənizin dibində qurulan KM3NeT neytrino teleskopu rekord enerjili hissəcik qeydə alıb. Hesablamalara görə, neytrinonun enerjisi 220 petaelektronvolt təşkil edib. Bu göstərici dünyanın ən güclü hissəcik sürətləndiricisi olan CERN-in Böyük Adron Kollayderinin yarada bildiyi enerjidən təxminən 30 min dəfə çoxdur.
Neytrinolar elektrik yükü olmayan və digər maddələrlə olduqca zəif qarşılıqlı təsir göstərən hissəciklərdir. Buna görə də onları bəzən “xəyal hissəcikləri” adlandırırlar. Onların enerjisi isə kosmosda hansı proseslərin baş verdiyini müəyyənləşdirmək üçün mühüm ipucları verə bilər.
Bununla belə, 2023-cü ildə aşkarlanan neytrinonun mənbəyi hələ də dəqiq müəyyən edilməyib. Hissəcik yüksək enerjili işıq şüalanması ilə müşayiət olunmayıb. Bundan başqa, Antarktidada fəaliyyət göstərən IceCube rəsədxanası da oxşar hadisə qeydə almayıb.
Alimlərin irəli sürdüyü fərziyyələrdən biri ilkin qara dəliklərin mövcudluğu ilə bağlıdır. Bu obyektlərin ulduzların çökməsi nəticəsində deyil, kainatın ilk dövrlərində maddənin sıxlaşması nəticəsində yarana biləcəyi ehtimal edilir. Onların ölçüsü atomdan belə kiçik ola bilər.
Stiven Hokinqin nəzəriyyəsinə görə, qara dəliklər enerji yayaraq tədricən buxarlanır. Kiçik qara dəliklər daha sürətlə buxarlanır və mövcudluqlarının son mərhələsində yüksək enerjili hissəciklər buraxa bilərlər. Lakin indiyədək belə ilkin qara dəliklər müşahidə edilməyib və onların həqiqətən mövcud olub-olmadığı məlum deyil.
Beynəlxalq tədqiqatçılar qrupu bu nəzəriyyəni kainatda əlavə, beşinci ölçünün mövcudluğu ehtimalı ilə əlaqələndirib. Sim nəzəriyyəsindən irəli gələn bu fərziyyəyə əsasən, həmin ölçünün miqyası təxminən bir mikrometr ola bilər və onunla yalnız cazibə qüvvəsi qarşılıqlı təsir göstərə bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, belə bir model 2023-cü ildə qeydə alınan neytrinonun niyə işıq şüalanması ilə müşayiət olunmadığını izah edə bilər. Onların fikrincə, əlavə ölçüdə yerləşən qara dəliyin son mərhələdə dağılması nəticəsində neytrinolar yayıla, işıq isə müşahidə edilməyə bilər.
Bununla belə, mütəxəssislər fərziyyəyə ehtiyatla yanaşırlar. Çünki nəzəriyyə hələ təsdiqlənməmiş ilkin qara dəliklərin, kosmik simlərin və əlavə ölçünün mövcudluğunu eyni vaxtda qəbul edir. Massaçusets Texnologiya İnstitutunun fiziki Devid Kayzer modelin məntiqi baxımdan ardıcıl olduğunu qeyd etsə də, bunun onun mütləq doğru olduğu anlamına gəlmədiyini vurğulayıb.
Samir


