İnsanın doğum zamanı aldığı tam adı və soyadı onun xarakteri, şəxsi xüsusiyyətləri və həyatında qarşılaşdığı çətinliklər barədə müəyyən məlumatlar verə bilər. Ən azı numeroloqlar belə hesab edirlər. Onların yanaşmasına görə, ad və soyaddakı hərflərə uyğun gələn rəqəmlərdən hansının çatışmadığı insanın inkişaf etdirməli olduğu xüsusiyyətləri göstərir.
HİT.az-ın məlumatına görə, “Clarín” nəşri bu mövzuda numeroloq Marsela Paola Matteuççinin fikirlərini dərc edib.
Bu metodda Pifaqorun rəqəm sistemindən istifadə olunur. Əvvəlcə insanın doğum zamanı qeydə alınmış tam adı və soyadı götürülür, daha sonra hər hərfə 1-dən 9-dək rəqəmlər uyğunlaşdırılır. Ad və soyadda hansı rəqəmlərin olmadığı müəyyənləşdirilir. Numerologiyada həmin rəqəmlər insanın həyatında üzərində işləməli olduğu sahələrlə əlaqələndirilir.
Çatışmayan rəqəmlər nəyi ifadə edir?
- 1 rəqəmi yoxdursa: Müstəqil qərar verməkdə, təşəbbüs göstərməkdə və özünə güvənməkdə çətinliklə əlaqələndirilir. Özünəinamı gücləndirmək tövsiyə olunur.
- 2 rəqəmi yoxdursa: Münasibətlər qurmaq, əməkdaşlıq etmək və hissləri ifadə etməkdə çətinlik kimi şərh edilir. Başqalarından kömək istəmək və problemləri açıq müzakirə etmək məsləhət görülür.
- 3 rəqəmi yoxdursa: Özünü ifadə etmək və istedadlarını nümayiş etdirməkdə çətinliklə əlaqələndirilir. Rəsm, teatr, rəqs və natiqlik kimi fəaliyyətlər tövsiyə olunur.
- 4 rəqəmi yoxdursa: Təşkilatçılıq, diqqəti cəmləmək və başladığı işi sona çatdırmaqla bağlı problemlərə işarə etdiyi iddia olunur. Səbir və ardıcıllığın inkişaf etdirilməsi vacib sayılır.
- 5 rəqəmi yoxdursa: Dəyişikliklərə uyğunlaşmaq və yenilikləri qəbul etməkdə çətinlik kimi izah edilir. Yeni təcrübələrə açıq olmaq tövsiyə olunur.
- 6 rəqəmi yoxdursa: Ailə qurmaq, romantik münasibətlər və öhdəliklər götürməklə bağlı qorxularla əlaqələndirilir. Keçmişdə yaşanan mənfi təcrübələrin yenidən nəzərdən keçirilməsi məsləhət görülür.
- 7 rəqəmi yoxdursa: Qərarların nəticələrini əvvəlcədən qiymətləndirməkdə çətinlik kimi şərh edilir. Vacib addımlar atmadan əvvəl vəziyyəti diqqətlə təhlil etmək tövsiyə olunur.
- 8 rəqəmi yoxdursa: Maliyyə vəsaitlərini idarə etmək, xərcləri planlaşdırmaq və resursları düzgün bölüşdürməklə bağlı çətinliklərə işarə etdiyi bildirilir.
- 9 rəqəmi yoxdursa: Yaxın ailə çevrəsindən kənarda sosial əlaqələr qurmaqda çətinlik kimi izah edilir. Əlaqələri genişləndirmək, əməkdaşlıq etmək və başqalarına dəstək göstərmək tövsiyə olunur.
Numeroloqun fikrincə, çatışmayan rəqəmlər insanın dəyişməz taleyini müəyyən etmir, əksinə, şəxsi inkişaf istiqamətlərini göstərir.
Samir


