Bəzi insanlar fərqinə varmadan davranışları ilə ətrafındakıları özlərindən uzaqlaşdırırlar. Gündəlik ünsiyyətdə adi görünən müəyyən vərdişlər zamanla münasibətləri korlaya, insanın başqalarının gözündəki nüfuzunu və cəlbediciliyini azalda bilər.
HİT.az-ın məlumatına görə, sosial davranış üzrə ekspert Nehemiya İsamotu “YourTango” nəşri üçün hazırladığı məqalədə insanları ətrafdakılar üçün narahatedici edən beş əsas davranışı açıqlayıb.
1. Hisslərini həddindən artıq nümayiş etdirirlər
Bəzi insanlar baş verən hadisələrə qeyri-təbii və şişirdilmiş reaksiyalar verirlər. Onların emosional davranışları səmimiyyətdən daha çox diqqət çəkmək istəyi kimi görünə bilər. Bu isə ətrafdakılarda yorğunluq və narahatlıq yaradır.
2. Hər mübahisədə qalib gəlməyə çalışırlar
Belə insanlar üçün adi söhbətlər belə fikir mübarizəsinə çevrilir. Qarşı tərəfin sözünü kəsir, fərqli fikirləri qəbul etmək istəmir və mütləq son sözü deməyə çalışırlar. Daim haqlı çıxmaq istəyi sağlam ünsiyyətə mane olur.
3. Özlərini daim qurban kimi göstərirlər
Baş verən problemlərə görə başqalarını günahlandıran bu insanlar öz məsuliyyətlərini görməzdən gəlirlər. Onlar tez-tez ədalətsizlikdən, çətinliklərdən və ətrafdakıların davranışlarından şikayətlənirlər. Zaman keçdikcə bu cür söhbətlər hətta yaxınlarını da yorur.
4. Nə vaxt susmaq lazım olduğunu bilmirlər
Hər söhbətə müdaxilə etmək, başqalarının fikrini yarımçıq kəsmək və soruşulmadan məsləhət vermək də narahatedici vərdişlərdəndir. Belə insanlar qarşı tərəfin söhbəti bitirmək və ya mövzunu dəyişmək istəyini çox vaxt hiss etmirlər. Halbuki dinləməyi bacarmaq da ünsiyyətin vacib hissəsidir.
5. Hər şeyə mənfi yanaşırlar
Hətta müsbət hadisələrdə belə narazılıq üçün səbəb tapan insanlar ətrafdakılara emosional baxımdan mənfi təsir göstərə bilərlər. Onlar başqalarının uğurlarını kiçildir, daim tənqid edir və ən pis ssenariləri gözləyirlər. Davamlı neqativlik isə ünsiyyəti yorucu edir.
Ekspertin fikrincə, bu davranışların bir çoxu insanın özü tərəfindən fərq edilmir. Buna görə də hər kəsin vaxtaşırı öz davranışlarını təhlil etməsi, başqaları ilə münasibətlərinə necə təsir göstərdiyini düşünməsi vacibdir.
Samir


