Psixoloji və emosional baxımdan yetişməmiş insanlar tez-tez özlərinin yaratdığı qarışıqlıq və dramatik vəziyyətlərin mərkəzində olurlar. Belə insanlarla ünsiyyət qurmaq əksər hallarda yorucu olur.
HİT.az xəbər verir ki, "Your Tango" nəşri bu xüsusiyyətləri əks etdirən altı davranışı sadalayıb.
Nəşrin fikrincə, gənc yaşlarda formalaşan zərərli davranış vərdişləri dəyişdirilmədikdə, onlar yetkin yaşda sağlam münasibətlər qurmağa mane olan davranış modellərinə çevrilə bilər.
1. Tez-tez mübahisə yaradırlar
Nəşr qeyd edir ki, uşaqlar hələ dünyanın yalnız onların ətrafında fırlanmadığını tam dərk etmirlər. İstəkləri yerinə yetirilmədikdə asanlıqla mübahisəyə başlayırlar.
Yetkin insanlar isə fikir ayrılıqlarını qarşılıqlı hörmət və sakit şəkildə həll etməyə çalışırlar. Emosional baxımdan yetişməmiş şəxslər isə kiçik məsələləri böyüdərək lazımsız münaqişələr yaradır və ətrafdakı insanları da bu gərginliyə cəlb edirlər.
2. Lazımsız tullantılar yaradırlar
Məqalədə vurğulanır ki, məsuliyyətli insanlar ətraf mühitə təsirlərini nəzərə alır, zibil atmamağa və mümkün qədər birdəfəlik plastikdən istifadəni azaltmağa çalışırlar.
Emosional və psixoloji cəhətdən yetişməmiş insanlar isə çox vaxt bu məsələlərə əhəmiyyət vermir, nə qədər tullantı yaratdıqlarını ya fərq etmir, ya da buna laqeyd yanaşırlar.
3. Lazımsız əşyaları yığırlar
Nəşrə görə, hər şeyi saxlamaq da israfçılıq qədər problem yarada bilər. Bəzi insanlar əşyalara həddindən artıq emosional bağlılıq hiss etdikləri üçün onlardan ayrıla bilmirlər.
Bu isə evdə nizamsızlıq yarada, yaşayış məkanını həddindən artıq əşya ilə doldura və digər insanların rahatlığına mənfi təsir göstərə bilər.
4. Günahı başqalarının üzərinə atırlar
Məqalədə qeyd olunur ki, emosional yetkinliyin əlamətlərindən biri səhv etdiyini qəbul edə bilmək və qarşı tərəfin hisslərini də nəzərə almaqdır.
Yetkin insanlar empatiya göstərərək məsuliyyəti üzərlərinə götürə bilirlər. Yetişməmiş insanlar isə səhvlərini etiraf etməkdə çətinlik çəkir və məsuliyyəti başqalarının üzərinə yönəltməyə çalışırlar.
5. Planları son anda ləğv edirlər
Nəşrin fikrincə, davamlı şəkildə əvvəlcədən razılaşdırılmış görüş və planları son anda ləğv etmək qarşı tərəfdə vaxtının dəyərsiz hesab edildiyi hissini yaradır.
Gözlənilməz hallarda planların dəyişməsi normal sayılsa da, bunun vərdiş halını alması münasibətlərə mənfi təsir göstərir və insanların özlərini qiymətləndirilməmiş hiss etməsinə səbəb olur.
6. Başqalarını təqlid edirlər
Məqalədə vurğulanır ki, fərdilik və özünəməxsusluq insanın şəxsiyyətinin formalaşmasının vacib hissəsidir.
Başqalarının geyim tərzini, davranışını və ya həyat tərzini həddindən artıq təqlid etmək isə emosional və psixoloji yetkinliyin kifayət qədər formalaşmadığını göstərə bilər. Müəlliflərin fikrincə, belə insanlar hələ öz fərdi kimliklərini tam formalaşdıra bilməyiblər.
Samir


