Güclü Günəş fırtınası alimlərin onilliklərdir aça bilmədiyi sirri üzə çıxardı

MARAQLI
16:48 / 05.11.2026
40

2024-cü ilin mayında baş verən güclü Günəş fırtınası zamanı çəkilmiş qeyri-adi qütb parıltısı fotoları alimlərə uzun illərdir cavabını axtardıqları elmi sualı aydınlaşdırmağa kömək edib.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, 10 may 2024-cü ildə Yer kürəsi 1958-ci ildən bəri ən güclü ikinci maqnit fırtınası ilə üzləşib. Güclü Günəş aktivliyinin səbəb olduğu hadisə zamanı qütb parıltısını hətta mülayim enliklərdə də müşahidə etmək mümkün olub. Həmin vaxt çəkilən bəzi fotolarda yaşıl işıqların üzərində qırmızı parıltı, bu iki rəngli sahəni birləşdirən şaquli işıq şüaları qeydə alınıb.

Məhz bu görüntülər qırmızı qütb parıltısının necə yarandığını anlamağa imkan verib. İndiyədək alimlər bu hadisənin istilik axınları və ya elektronları sürətləndirən dalğalar nəticəsində meydana gəldiyini ehtimal edirdilər. Lakin yeni araşdırma onun yaşıl qütb parıltısına bənzər fiziki proseslə formalaşdığını göstərib.

Tədqiqatçılara görə, yaşıl parıltı atmosferin təxminən 85-130 kilometr yüksəklikdəki qatlarında elektronların oksigen atomları ilə toqquşması nəticəsində yaranır. Qırmızı parıltı isə daha yüksəkdə – 200-800 kilometr məsafədə formalaşır. Bu yüksəklikdə oksigen atomları seyrək olduğundan elektronlarla qarşılıqlı təsir nəticəsində qırmızı işıq meydana gəlir. Elektronlar atmosferin daha sıx qatlarına doğru hərəkət etdikdə isə yaşıl parıltı yaranır.

“Annales Geophysicae” elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri bildirirlər ki, qırmızı və yaşıl işıqları birləşdirən şaquli şüalar əvvəllər elmi ədəbiyyatda təsvir edilməyib.

Alimlər bu cür hadisələrin daha yaxşı öyrənilməsi üçün qütb parıltısının altı saniyədən çox olmayan ekspozisiya ilə çəkilməsini tövsiyə edirlər. Onların fikrincə, smartfon və fotoaparatlarla çəkilən görüntülər də elmi tədqiqatlara mühüm töhfə verə bilər.

Qeyd edək ki, Günəş 11 illik aktivlik dövrünün pik həddini geridə qoysa da, alimlər yaxın aylarda və illərdə güclü Günəş partlayışlarının və parlaq qütb parıltılarının müşahidə oluna biləcəyini istisna etmirlər.

Samir
 

0