Mənzildə saxlamaq üçün ən mehriban 6 kiçik it cinsi

MARAQLI
20:17 / 13.11.2026
54

Kiçik ölçülü, mehriban və insanlarla asanlıqla ünsiyyət quran itlər ev şəraitində saxlamaq üçün ideal seçimlərdən hesab olunur. Xüsusilə mənzildə yaşayan və ailəsinə sadiq bir ev heyvanı bəsləmək istəyənlər üçün bəzi cinslər xarakteri ilə seçilir.

HİT.az xəbər verir ki, Ukrayna mətbuatı mehriban xasiyyəti, ünsiyyətcilliyi və aqressiv davranışa meyilli olmaması ilə tanınan altı kiçik it cinsi barədə məlumat yayıb.

Kavalyer-kinq-çarlz-spaniel bu siyahıda yer alan cinslərdən biridir. Şən və oynaq xarakteri ilə seçilən bu itlər həm uşaqlarla, həm də digər ev heyvanları ilə yaxşı yola gedirlər. Bununla belə, artıq çəkiyə meyilli olduqları üçün onların qidalanmasına və fiziki aktivliyinə diqqət yetirilməlidir.

Mopslar isə sahibinə güclü bağlılığı ilə tanınır. Onlar diqqət və nəvazişi sevir, uzun müddət tək qalanda darıxa bilirlər. Bəzən tənbəl və inadkar davransalar da, ümumilikdə mehriban xasiyyətləri ilə seçilirlər. Mütəxəssislər bu cinsin tənəffüs sistemi ilə bağlı anadangəlmə problemlərə meyilli olduğunu da xatırladırlar.

Bişon-frize oynaq və enerjili xarakteri ilə fərqlənir. Görünüşünə və davranışına görə bəzən "əbədi bala" adlandırılan bu itlər yad insanlara qarşı da aqressiv olmurlar. Sahibinə tez bağlandıqları üçün daim ünsiyyətə ehtiyac duyurlar və uzun müddət tək buraxılmaları tövsiyə edilmir.

Toy pudellər həm zəkası, həm də itaətkarlığı ilə diqqət çəkir. Onlar komandaları asanlıqla öyrənir, aktiv oyunları sevir və sahibinin əhvalını yaxşı hiss edirlər. Lakin düzgün davranış vərdişlərinin formalaşması üçün ardıcıl və səbirli təlim vacibdir.

Maltizlər sahibinə sədaqəti və həssaslığı ilə seçilir. Bu cinsin nümayəndələri ətrafdakı insanların əhvalını yaxşı duyur. Sahibinin yorğun olduğunu hiss etdikdə sakitcə yanında uzana, əhvalı yaxşı olduqda isə oyunlara qoşula bilirlər.

Papillonlar isə ağıllı, hərəkətli və ünsiyyətcil itlərdir. Onlar həm fiziki, həm də zehni aktivliyə ehtiyac duyurlar. Uzun gəzintilər və müxtəlif oyunlar bu cins üçün xüsusilə vacibdir. Kifayət qədər məşğul olmadıqda darıxa və şıltaqlıq edə bilərlər.

Məqalədə qeyd olunur ki, it cinsinin xarakteri nə qədər mehriban olsa da, ev heyvanının davranışında tərbiyə, düzgün təlim və sahibinin münasibəti mühüm rol oynayır. Buna görə də mənzil üçün it seçərkən yalnız onun ölçüsünü deyil, enerji səviyyəsini və gündəlik qayğı ehtiyaclarını da nəzərə almaq lazımdır.

Samir
 

0