Səhər yuxudan oyanan kimi çay içmək sağlam insanların əksəriyyəti üçün təhlükəli hesab edilmir. Lakin xüsusilə tünd dəmlənmiş çayın acqarına qəbulu ürəkbulanma, qıcqırma və ürəkdöyünmə kimi narahatlıqlara səbəb ola bilər. Dəmir çatışmazlığı olan şəxslər isə bu vərdişə daha diqqətlə yanaşmalıdırlar.
HİT.az xəbər verir ki, bu barədə qastroenteroloq Aleksey Çermnıx “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, səhər ilk fincan çaydan əvvəl mütləq 60-90 dəqiqə gözləməyə ehtiyac yoxdur. Bu qayda daha çox qəhvə ilə əlaqələndirilir. Çayın oyanan kimi içilməsinin orqanizmə zərər verdiyini və ya təbii oyanma prosesini pozduğunu təsdiqləyən inandırıcı elmi sübutlar yoxdur.
Bununla belə, qara, yaşıl, ağ çay və ulunq tərkibində kofein var. Onun miqdarı çayın növündən, porsiyanın həcmindən və dəmlənmə müddətindən asılı olaraq dəyişir.
Mütəxəssis bildirir ki, böyük fincanda tünd çay içmək kofeinə həssas insanlarda ürəkdöyünmə, əllərdə titrəmə, narahatlıq və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Buna görə də çayın yalnız növü deyil, dəmlənmə dərəcəsi və orqanizmin reaksiyası da nəzərə alınmalıdır.
Acqarına çay içmək əksər insanlar üçün qadağan deyil. Ancaq tünd içki bəzi şəxslərdə ürəkbulanma, mədədə ağırlıq, qıcqırma və digər həzm problemləri yarada bilər. Reflüks xəstəliyi, simptomlarla müşayiət olunan qastrit və səhərlər ürəkbulanma problemi olanlara əvvəlcə səhər yeməyi yemək, daha sonra isə zəif dəmlənmiş çay içmək məsləhət görülür.
Dəmir çatışmazlığı olanlar diqqətli olmalıdır
Həkim xüsusilə dəmir çatışmazlığı və anemiyadan əziyyət çəkən şəxsləri xəbərdar edib. Çayın tərkibindəki polifenollar bitki mənşəli qidalarda və bəzi preparatlarda olan qeyri-hem dəmirin orqanizm tərəfindən mənimsənilməsini azalda bilər.
Buna görə də ferritin səviyyəsi aşağı olan və ya dəmir çatışmazlığı anemiyası yaşayan şəxslərə yemək və dəmir preparatlarını çayla qəbul etmək tövsiyə edilmir. Çayla qida və ya preparat qəbulu arasında ən azı bir saat fasilə saxlamaq məsləhətdir. Dəmir preparatlarının qəbul qaydası isə həkimlə razılaşdırılmalıdır.
Mütəxəssis əlavə edib ki, normal dəmir səviyyəsinə malik insanlarda səhər yeməyi zamanı ölçülü miqdarda çay içilməsi, adətən, problem yaratmır.
Çay gündəlik maye qəbulunun bir hissəsi hesab olunur və normal miqdarda içildikdə susuzlaşmaya səbəb olmur. Oyanan kimi bir stəkan su içmək isə məcburi tibbi qayda deyil, daha çox şəxsi seçim məsələsidir.
Həkimin fikrincə, çay içərkən diqqət yetirilməli əsas məqamlardan biri də son fincanın qəbul edildiyi vaxtdır. Kofeinin stimullaşdırıcı təsiri bir neçə saat davam edə bilər. Yuxuya getməkdə çətinlik çəkən və ya səthi yatan şəxslərə yatmazdan 6-8 saat əvvəl tünd qara və yaşıl çay içməmək tövsiyə olunur.
Samir


