“Gömrük Komitəsi ləğv edilməlidir” – TƏKLİF 

ÖLKƏ
18:40 / 26.08.2020
1797

"Gömrük müstəqil bir komitə kimi ləğv edilməlidir”.

HİT.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Gömrük Komitəsinin xarici ölkələrdən poçt vasitəsi ilə ayda 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Onun fikrincə, Gömrük Komitəsinin bu qərarı cəmiyyətdə ciddi müzakirəyə və narazılığa səbəb olub:

"Bir daha əmin oldum ki, Gömrük niyə, nədən yaranıb, nə iş görməlidir, vəzifəsi nədir? Bu haqda təsəvvürləri belə yoxdur. Bir neçə il bundan öncə təklif vermişdik ki, ölkəyə gətirilən elektriklə çalışan və hibrid maşınlar bütün növ vergi və gömrük rüsumlarından azad edilsin. Bu məsələ ciddi müzakirə yaratdı (bu addım ölkənin avtoparkının müasirləşməsinə və ekoloji problemlərin həllinə yardımçı olardı), o zaman Gömrük Komitəsinin rəsmisi çıxıb dedi ki, biz belə bir addım atsaq bu, sui-istifadə hallarına səbəb olacaq, insanlar daha çox elektrik və hibrid avtomobil gətirəcək. Hədəf də budur ki, belə addımdan sonra vətəndaşların elektrik və hibrid maşınlara marağı artsın, avtopark yenilənsin! Amma bunu belə qavramadılar, bu hadisə bir daha sübut edir ki, Gömrük məşğul olduğu işin fəlsəfəsini bilmir. Nazirlər Kabinetinin xaricdən mal sifarişləri ilə bağlı absurd qərarını şərh edən Komitə rəhbərliyi və yayılan rəsmi açıqlamada da azı 3-4 dəfə yenə vətəndaşa ünvanlanan "sui-istifadə” sözü keçir. Sanki vətəndaş düşməndi, qeyri-qanuni iş tutur və vətəndaş özü-özünü dolandırsa pis iş tutmuş olacaq”.

Natiq Cəfərli bildirib ki, bütün dünya online alış-verişə keçir:

"Bizim hökumət Gömrük Komitəsinin əli ilə həmişəki kimi dünyanın, yaxşı trendlərinin əksinə gedir. Komitə sədri deyir ki, ayda 300 dollarlıq malı bir neçə dəfəyə də gətirmək olar, amma bir dəfə rəsmiləşdirilməlidir, ona görə ya bizim anbarda, ya da poçt xidməti göstərən şirkətin anbarında bir ay qalmalıdır. Güya, bu açıqlama ilə vəziyyəti düzəldib. Hesab edək ki, hökumətin əli aşağıdı, vergi və gömrük yığımlarını artırmaq istəyir. Bunun üçün camaatın boğazına çökmək lazım deyil. Əksinə, normal şərait yaratmalıdır ki, kiçik sahibkarlıq inkişaf etsin. Burda da hökumətin işin fəlsəfəsini anlamadığı önə çıxır, vətəndaşı ələbaxan etmək, zülmlə verilən 190 manata möhtac qoymaqmı yaxşıdı, yoxsa ona pul qazanmağa imkan yaratmaqmı?! Axı çalışan-qazanan vətəndaş dövlətin sosial yükünü də azaldır, bu sadə korelyasiyanı belə anlamırlar! Sədr deyir ki, məqsədimiz sui-istifadə hallarının qarşısını alaraq büdcəyə daha çox vəsait toplamaqdır. Büdcə kimin üçün yığılır? Sizin üçün deyil, vətəndaş üçündür. Hökumətlər büdcəyə pul yığırlar ki, vətəndaşa xərcləsinlər. O zaman niyə millətə zülm edirsiniz? İmkan verin özü qazansın. Hə, əgər büdcəyə də vəsait toplamaq istəyirsinizsə, bunun da sivil yolu var – 3 gün əvvəl verilmiş absurd qərarı ləğv edirsiniz, 1000 dollardan 10000 dollara qədər mal sifarişlərini VÖEN-ə bağlayırsınız. Yəni, vətəndaş VÖEN açır, ayda bir dəfə bu məbləğdə mal sifariş vermək hüququ qazanır, malın dəyərinin 5%-i vergi şəklində büdcəyə ödəyir (yəni, daha rüsum, ƏDV ödəmir), hər 10000 dollara büdcə 500 dollar qazanır, həm də minlərlə vətəndaş kiçik sahibkara çevrilib rəqabətli mühitdə fəaliyyət göstərir. Bax hökumətin də, gömrüyün də fəlsəfəsi, yanaşması belə olmalıdır. Mərkəzdə vətəndaşın marağı dayanmalıdır. Anlayırsız fərqi?! Amma siz həmişə iri məmur sahibkarlığının yanında dayanmısınız, bu isə dövlətin dayanıqlığını artırmır, əksinə, azaldır”.

Natiq Cəfərli hesab edir ki, Gömrük ayrıca müstəqil bir komitə kimi ləğv edilməlidir:

"Gömrük İqtisadiyyat Nazirliyinin nəznində departamentə çevrilməli, ƏDV yığımı Gömrükdən alınmalıdır. Vergi növünü Gömrük orqanının yığması absurddur”.

0