Evdə hər şey qaydasında olanda məişət texnikalarının önəmini çox da hiss etmirik. Soyuducu sakitcə işləyir, paltaryuyan öz ritmində fırlanır, kondisioner evdə istədiyiniz temperaturu yaradır, televizor isə axşamların əyləncəsinə çevrilir. Amma cihazlardan biri qəfil dayananda evdə bütün nizam pozulur, təcili usta axtarışına çıxırıq. Əsl problem də çox vaxt elə bundan sonra başlayır. Çünki nasaz texnikanı təmir etdirmək bəzən onu almaq qədər xərc tələb edir. Rəsmi servisə getsən, xidməthaqqı bəzən cihazın yarı qiyməti qədər olur. Cib yandıran bu qiymətlər bir çox insanı geri addım atmağa məcbur edir.
Nəticədə vətəndaşların böyük hissəsi çıxış yolunu “tanış usta”, “məhəllənin ustası”, “filankəsin qohumu” və ya sosial şəbəkələrdə elan yerləşdirən fərdi təmirçilərdə görür. Lakin bu seçim hər zaman uğurlu olmur. Bəzən cihaz bir gün sonra yenidən xarab olur, bəzən dəyişdirildiyi deyilən detalın ümumiyyətlə dəyişmədiyi ortaya çıxır, kiçik problem daha böyük nasazlığa çevrilir. Çünki yaxşı usta tapmaq artıq texnikanı təmir etdirmək qədər çətin məsələyə çevrilib. Bu sahədə peşəkarlarla yanaşı, təcrübəni birbaşa müştərinin evində qazananlar da az deyil. Ona görə də insanlar indi təkcə “usta varmı?” sualını yox, daha çox “etibarlı usta varmı?” sualını verirlər.
Məişət avadanlıqlarının təmiri ustası Orxan Məmmədzadə deyir ki, usta seçərkən ilk növbədə onun təcrübəsinə və iş prinsipinin şəffaflığına diqqət yetirilməlidir. Onun sözlərinə görə, müştəri üçün ən vacib məqamlardan biri görülən işin aydın izah olunmasıdır: “Usta problemi müştəriyə başadüşülən şəkildə izah etməli, hansı hissənin niyə dəyişdirildiyini detallı şəkildə bildirməlidir. Təəssüf ki, bəzi hallarda texnikadan anlayışı olmayan insanlar əlavə xərclərlə qarşılaşa bilirlər. Buna görə də iş prosesində şəffaflıq əsas şərtdir. Əvvəlki müştərilərin rəyləri və tövsiyələr seçim zamanı mühüm rol oynayır. Uzun müddət eyni sahədə çalışan və müştəri etimadı qazanmış ustalar daha etibarlı sayılırlar. İndi ən güclü reklam ustanın öz işidir. Əgər bir usta keyfiyyətli işləyirsə, onu müştəri özü digərlərinə tövsiyə edir”.
Usta qeyd edir ki, görülən işə və dəyişdirilən hissələrə zəmanət verilməsi də vacib məqamlardandır. Bu, həm ustanın işinə məsuliyyətli yanaşmasını göstərir, həm də müştəri üçün əlavə təhlükəsizlik yaradır.
Qiymət məsələsinə gəldikdə isə Orxan Məmmədzadə təmirə başlamazdan əvvəl bütün detalların razılaşdırılmasını vacib sayır: “İş başlamazdan əvvəl qiymət dəqiq bilinməlidir. Hansı hissənin dəyişdiriləcəyi, əlavə xərc olub-olmayacağı əvvəlcədən danışılmalıdır. Keyfiyyətli təmir yalnız nasazlığı aradan qaldırmaq deyil, problemin kökünü tapmaqdır. Peşəkar usta sadəcə xarab olan hissəni dəyişmir, problemin haradan yarandığını araşdırır ki, eyni nasazlıq təkrar baş verməsin. Bu yanaşma həm cihazın ömrünü uzadır, həm də əlavə xərclərin qarşısını alır. Həmçinin, dəyişdirilən hissələrin orijinallığı mütləq soruşulmalı, mümkün olduqda köhnə detallar müştəriyə göstərilməlidir. Çünki bəzi hallarda sadə nasazlıqlar daha ciddi problemlər kimi təqdim edilə bilir. Digər mühüm məqam ustanın ixtisaslaşmasıdır. Bütün məişət texnikalarını “eyni səviyyədə təmir edən” ustalar hər zaman ən doğru seçim sayılmır. Konkret sahədə təcrübəsi olan ustalar daha stabil nəticə verir”.
Məişət texnikası ustası Elvin Abbasov bildirir ki, usta seçimi zamanı ən vacib məqamlardan biri həmin şəxsin gördüyü real işlərlə tanış olmaqdır. Onun sözlərinə görə, təcrübə yalnız sözlə yox, nəticə ilə ölçülməlidir: “Usta seçərkən onun əvvəllər hansı cihazlarla işlədiyini, hansı təmirləri həyata keçirdiyini öyrənmək vacibdir. Çünki alət tutmaq hələ ustalıq demək deyil. Hazırda bazarda özünü usta kimi təqdim edən, lakin kifayət qədər təcrübəsi olmayan şəxslərə də rast gəlinir. Bu isə sonradan cihazın yenidən sıradan çıxmasına səbəb olur. Bəzən görürsən ki, sadə bir alətlə işləyib özünü usta kimi təqdim edənlər var”.
Elvin Abbasov hesab edir ki, hər bir texniki işin arxasında təcrübə dayanmalıdır. Onun fikrincə, düzgün diaqnostika edilməyən nasazlıq yalnız müvəqqəti həll olunur və bu, həm əlavə xərc, həm də vaxt itkisi yaradır: “Peşəkar yanaşma yalnız təmir prosesi ilə məhdudlaşmır, həm də müştəri ilə münasibətdə özünü göstərir. Ustanın izah vermə bacarığı və şəffaf işləməsi də etibarın əsas hissəsidir. Usta seçimində ilk növbədə istifadə olunan ehtiyat hissələrinin orijinallığı mütləq soruşulmalıdır. Çünki keyfiyyətsiz və ya uyğun olmayan detallar cihazın ömrünü xeyli qısalda bilər. Digər mühüm məqam ustanın diaqnostika metodudur. Peşəkar usta problemi yalnız xarici əlamətlərə görə deyil, texniki yoxlama ilə müəyyən edir. Əks halda yanlış diaqnoz səbəbindən əlavə təmir xərcləri ortaya çıxa bilər”.
Bazarda tez-tez rast gəlinən hallardan biri də “çoxsahəli usta” modelidir. Yəni eyni şəxs soyuducu, paltaryuyan, televizor və kondisioneri eyni səviyyədə təmir etdiyini iddia edir. Mütəxəssislər bu yanaşmanı ehtiyatla qiymətləndirməyi tövsiyə edirlər, çünki ixtisaslaşma keyfiyyətə birbaşa təsir göstərir.
Mənbə: "Kaspi" qəzeti


