Koronavirusun borca saldığı ölkələr: Kim nə qədər ziyana düşüb?

19:26 / 31.08.2020
1118

Dekabrın sonunda Çinin Uhan əyalətində yayılan, qısa zaman ərzində bütün dünyanı təsir altına salmağı bacaran koronavirusun ölkələr üzərindəki hakimiyyəti hələ də davam edir.

Virusun qarşısının alınması və ya az itki ilə çıxmaq məqsədilə dövlətlər elə ilk günlərdən bir sıra tədbirlər həyata keçirir. Virusla mübarizə çərçivəsində sərhədlər bağlanıb, əksər ölkələrdə karantin elan edilib, ictimai-iaşə obyektlərinin fəaliyyəti dondurulub, tədris müəssisələri bağlanıb və bunun kimi digər qabaqlayıcı tədbirlər görülüb.

Lakin sağlamlığın qorunması üçün atılan addımlar digər yandan iqtisadiyyatı zəiflədib, dünyanə böhranla üz-üzə qoyub. Bu səbəbdən ölkələr Beynəlxalq Valyuta Fondundan borc almaq məcburiyyətində qalıb.

Maraqlıdır, hansı ölkələr koronavirus pandemiyası səbəbilə borca düşüb?

Cebhe.info bununla bağlı araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il dövlətlərin borc dərəcələrində böyük artım olacağını gözləyir. BVF-yə görə epidemiyanın dövlət maliyyəsinə əlavə yükü 3,3 trilyon avroya çatacaq.

Bu məbləğə dövlətin səhiyyə sistemlərinə, şirkətlərə və ailələrə maliyyə yardımı daxildir. 2019-cu ildə dövlətlərin borcları ümumi milli gəlirin 83 faizini təşkil edirdisə, 2020-ci ildə bunun 96,4-ə yüksələcəyi deyilir.

İnkişaf etməkdə olan ölkələrin bu çərçivədə daha çox çətinliklərlə üzləşəcəyini qeyd edən BVF, dövlət borcunun milli gəlirə nisbətinin Amerika Birləşmiş Ştatlarında 131, İtaliyada 155,5, İspaniyada 113 faizə yüksələcəyini təxmin edir.

Borca düşən ölkələr

Bir neçə gün öncə Kosta Rika hökuməti koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanın nəticələrini aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,75 milyard ABŞ dolları məbləğində vəsait istəmək barədə qərar qəbul edib. Kredit üç il üçün nəzərdə tutulub. Qeyd olunub ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 9% -dən çox ola bilər. Ölkənin Mərkəzi bankı, Kosta Rika iqtisadiyyatının 5% azalacağını proqnozlaşdırır.

Koronavirusun səbəb olduğu böhranla mübarizə aparmaq üçün ilk borc verilən ölkə isə Qırğızıstan olub. Fond ölkəyə təxminən, 120 900 min dollar maliyyə dəstəyi verəcəyini bildirib. Qırğızıstan Maliyyə Nazirliyinin məlumatlarına görə, ölkənin BVF-yə 139 milyon dollar borcu var.

Rəsmi Tehran hələ mart ayında - virusun ölkədə böyük itkilərə səbəb olduğu bir zamanda yoluxmalarla mübarizənin gücləndirilməsi məqsədilə Beynəlxalq Valyuta Fondundan (BVF) milyardlarla dollarlıq təcili kredit istəyib. İranın Mərkəzi Bankının rəhbəri Abdulnasir Həmmati isə BVF rəhbərinə məktub ünvanladığını və ölkəsinin koronavirusa qarşı mübarizəsinə kömək üçün İrana 5 milyard dollar ayırmağı xahiş etdiyini bildirib.

Martın sonunda Əfqanıstan, Çad, Haiti, Madaqaskar, Mozambik, Nigeriya, Solomon Adaları, Tacikistan, Yəmənə də Beynəlxalq Valyuta Fondundan (BVF) vəsait ayrılıb.

Fonddan verilən məlumatda bu vəsaitin ölkələrin təcili tibbi yardım və digər yardım fəaliyyətlərinə yönəltmələrinə kömək edəcəyi bildirilib. Borcun məbləği isə ilk dövrdə 500 milyon dollar təşkil edib.

Tunis, Misir, Livan, İraq, İordaniya kimi neft idxal edən ölkələr də BVF-nin yardım paketini alan ölkələr olub.

Ruanda isə Beynəlxalq Valyuta Fondundan 109,4 milyon dollar (təxminən 735 milyon TL) dəstək alıb. Bununla da o koronavirus səbəbilə BVF-dan borc alan ilk Afrika ölkəsi kimi statistikaya salınıb.

Afrikanın ən kasıb ölkələrindən biri olan Malavi isə koronavirusu ilə mübarizə çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) 9 milyon dollar borc almağa razı olub.

Hökumət virusdan təsirlənən ailələrə ayda 35 min Malavi kVA (47 dollar) ödəyəcəyini açıqlayıb.

Həmçinin BVF prezidenti Kristalina Georgiyeva martda verdiyi açıqlamada dünyanın 81 ölkəsinin maliyyə yardımı istədiklərini söyləyib. Lakin ölkələrin adları açıqlanmayıb. Georgieva, ümumilikdə 1 trilyon dollar kredit verə biləcəklərini bildirib.

Bununla belə, borc almaqdan imtina edən ölkələr də var. Belə ki, Cəzayir prezidenti Əbdülməcid Tebbun "BVF-dən və ya xarici banklardan borc almaq əvəzinə Cəzayir xalqından borc almağı üstün tutaram"-, deyə bildirib.

Əbdülməcid Tebbun bəzi dost ölkələrin Cəzayirə borc təklif etdiklərini, lakin bundan imtina etdiklərini açıqlayıb.

Türkiyə və Rusiya da BVF-nun yardımından imtina edən ölkələrdəndir. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) Avropa Direktoru Poul Thomsen açıqlayıb. "Türkiyə və Rusiya yardım istəyən ölkələr arasında deyil", – deyə Thomsen qeyd edib.

Şimali Koreya da bu müddətdə çətinliklərlə üzləşsə də, ona dəstək olmağa çalışan bütün ölkələrin yardımından imtina edib.

Naibə
Cebhe.info

0