MİDA-nın \"Qanlıgöl sosial layihəsi\" təhlükədə: ərazini tez-tez su basır....

12:15 / 01.09.2020
1216

MİDA-nın Yeni Yasamal Kompleksinin sakinləri yaşadıqları binaların gələcək taleyindən narahatdırlar. 

Saytımıza daxil olan məlumata görə, binalar bataqlıq ərazidə tikildiyindən qrunt sularının xaric edilməsi məqsədilə daim nasoslar işləyir. Lakin bir müddət əvvəl nasosların bir saatlıq dayanması nəticəsində ərazidəki qrunt sularının midarı artıb və binaların zirzəmiləri su ilə dolub.

Bu evlərin belə təhlükəli ərazidə tikilməsi gələcək üçün nə vəd edir? "Qanlı göl" ətrafı kimi tanınan bu yerdə tikilən binaların sakinləri gələcəkdə qarşısıalınmaz problemlərlə üzləşə bilərmi?

Məsələni HİT.Az-a AMEA-nın Coğrafiya İnstutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev şərh edib. O, Yasamal gölünün tarixən mövcud olduğunu və su mənbələrinin daimi ola biləcəyini qeyd edib. Həmçinin əlavə edib ki, bu mənbələrin elmi cəhətdən, xüsusilə də hidrogeloji baxımdan necə araşdırıldığı haqda məlumatsızdır. Lakin hər halda indiki vəziyyət mənbələrin daimi olacağı və kəsilmə ehtimalının azlığından xəbər verir:

"Bu mənbələr mütəxəssislər tərəfindən dəqiq araşdırılmalıdır. Əslində araşdırmalar tikinti işlərindən qabaq edilməliydi. Əgər araşdırılsaydı təbii ki, bu problemlər də olmazdı. Hər hanısa bir ərazidə bu cür su mənbələrinin olması, orada ciddi elmi araşdırmalar aparılmasını və mütəxəssislərin rəyinə fikir verilməsini tələb edir.

Bildiyiniz kimi Qafqaz dağları Alp-Himalay qırışıqlığının bir hissəsi olmaqla, Azərbaycan ərazindən, o cümlədən Xəzər dənizinin altından keçərək Kapet dağdan sonra Himalay silsiləsinə qovuşaraq, İndoneziyaya qədər uzanır və dünyanın ən məşhur 3 dağ sistemindən birini təşkil edir. Respublikamızın ərazisindən keçən bu dağ silsiləsində çoxlu su mənbələrinin olması elmə çoxdan məlumdur. Bu su mənbələrini bir hissəsi şəhərimizi içməli su ilə təmin etməklə yanaşı, bir hissəsi də paytaxtımızın altından lay suları kimi Xəzər dənizinə tökülür. 

Bakıda aparılan bir sıra tikinti işləri, o cümlədən metro tikintisi zamanı bu cür problemlərlə rastlaşırıq. Bunlardan ən yaddaqalanı Azərbaycan Dövlət Dram Teatrının tikintisi zamanı aşkara çıxan böyük axıntı olması faktıdır. Elə bu səbəbdən də son günlərdə Azərbaycan Respublikası Prezidenti yanında keçirilən müşavirədə respublikamızın digər su mənbələri kimi bu mənbələrdən də məqsədyönlü şəkildə istifadə ilə bağlı məsələ qaldırıldı və bu istiqamətdə artıq müəyyən işlər görülür. 

Qaldırılan mövzuya dair son olaraq onu demək istərdim ki, Yasamal gölü ətrafında bu səbəbdən yaşayış binalarının tikilməsi məqbul deyil. Ümumiyyətlə bu cür sosial evlərin daha geniş və münasib yerlərdə tikilməməsi təəssüf doğurur. Bir hissəsi Yasamlda, bir hissəsi Hövsanda və s. Məlum olduğu kimi burada yaşayanların əksəriyyəti gənc ailələrdir. Onların işlə təmin olunması problemi də var. Şəhərin o başından bu başına işə gəlmək, nəqliyyat və digər infrastruktur problemləri xeyli çətinlik yaradır. Amma bir yerdə olsa və yaxınlıqda da iş yerləri açılsa, nəticəsi daha yaxşı olardı. Bu ailələr Respublikamızın gələcəyi sayılır. Əlbəttə, gələcəyin də yaxşı təminatı olmalıdır. 

Bildiyim qədər bu evlərin qiymətində də müəyyən problemlər var. Qiymətləri bu qədər fantastik qoyub, gəncləri əbədi çətinliyə möhtac eləməkdənsə, yaxşı olardı ki, nisbətən münasib qiymətə və daha güzəştli kreditlə problem həll edilsin. Bütün dünyada gənc ailələrə böyük imkanlar yaradılır. Dediyim kimi onlar bizim gələcəyimizdir. Bu gələcəyi indidən pisikdirib, insan məskəninin olmadığı ucqar yerlərə aparmaq düzgün addım deyil. Bir çoxları kimi mən də bu məsələdən çox narahatam. Ümumiyyətlə şəhərin pula getməyən yerlərində bu binaların tikilməsi qətiyyən düzgün fikir deyil. O ki qaldı gölətrafı binaların su məsələsinə, əlbəttə, gələcəkdə ciddi problemlərə yol aça bilər. Əgər o axıntının arası kəsilməyibsə, xüsusən də qışı quraq keçən indiki vaxtda sular aramsız gəlirsə, deməli bu suların mənbəyi əbədidir. Bu da həmin binaların gələcəkdə daha ağır fəsadlarla üzləşməsinə gətirib çıxaracaq.

Hidrogeoloqlar orada geniş elmi araşdırma aparmalı, suların dərinliyi, mənbəyi və istiqaməti dəqiq müəyyən edilməlidir. Ərazi üçün tərtib edilmiş ekspertiza aktının necə və hansı şəraitdə yazılması barədə məlumatım yoxdur. Əgər belə problem varsa, həmin ərazidə binaların və digər yaşayış evlərinin tikintisi dayandırılmalıdır".

Məsələ ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyinə göndərdiyimiz sorğuya isə heç bir cavab verilməyib. Qurumdan sözügedən hadisəni nə təsdiq, nə də təkzib ediblər.

Çingiz Səfərli

0