İlqar Məmmədov niyə “Azərbaycanın Saakaşvilisi” ola bilmədi? (ŞƏRH)

SİYASƏT
16:16 / 01.08.2022
2135

"İlqar Məmmədov həbsxana dönəmində qazandığı nüfuzu itirib”.
 
Bunu HİT.az-a açıqlamasında AXCP-in sədri postuna sabiq namizəd, ictimai fəal Sahib Kərimli REAL sədri İlqar Məmmədovun "Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin” fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı olan maksimalist gözləntilər özünü doğrutmadı: 

"İlqar Məmədov həbsdə olarkən cəmiyyətin ciddi bir kəsimi ona böyük ümidlər bəsləyirdi. REAL partiyası və orada toplaşan şəxslər ictimai fikirin formalaşmasında ciddi rol oynayırdılar. İlqar Məmmədov və dostlarının ətrafında xeyli potensialı olan gənclər toplandı və bu gün də onların sayı az deyil. Onlar cəmiyyət üçün də xeyli faydalı işlər gördülər, amma İlqar Məmmədov həbsdə olanda onunla bağlı gözləntilər formalaşmışdı. Daxili, beynəlxalq siyası şərtləri nəzərə almadan belə düşünürdülər ki, İlqar Məmmədov həbsdən çıxacaq, böyük dəyişikliklər, möcüzələr baş verəcək. Əslində, cəmiyyətin tələbləri, arzuları ilə REAL partiyasının rəhbərliyinin davranışları üst-üstə düşürdü. Azərbaycan şərtləri isə hər kəsə aydındır. İlqar Məmmədov azadlığa çıxdı və təbii olaraq maksimalist gözləntilər özünü doğrutmadı. Düzdür, İlqar Məmmədovun reytinqi siyasi arenada ciddi düşüş yaşamağa başladı, lakin bu amilin ömrü qısa oldu. Rəqibləri də İlqar Məmmədovun dialoq prosesində iştirakını fürsət bilərək, onu gözdən salmağa çalışdılar”.

Sahib Kərimli qeyd edib ki, REAL partiyasında çox dəyərli şəxslər var: "Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərovun adını çəkə bilərəm. Bunlar  ictimai biliklərin yaranmasında, demokratik maarifçilikdə, cümhuriyyət ideyalarının təbliğində mühim faydalar verməyə başlayıblar. Amma REAL partiyasında strukturların fəlaiyyəti bir başqa, İlqar Məmmədovun siyasi çəkisi bir başqa məsələdir”. 

Qeyd edək ki, REAL Partiyasının sədri İlqar Məmmədov Mixeil Saakaşvilinin siyasi səhnədən getməsinə münasibət bildirib: "Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə, Gürcüstan siyasətindən gedir. Ola bilər ki, onun səhhətində problemlər var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın.Yenə dirəndim və sorunları üstələdim. Mübarizəmi davam etdirirəm”.

0