Bir çox insan mütəmadi olaraq baş ağrıları ilə üzləşir.
Hətta gündəlik olaraq bu ağrılara məruz qalan insan sayı kifayət qədər çoxdur. Lakin əfsuslar olsun ki, insanların böyük əksəriyyəti bir çox ağrıda olduğu kimi baş ağrıları zamanı da həkimə müraciət etmirlər. Bu isə bəzən mənfi nəticələrə gətirib çıxarır.
Ona görə mütəxəssislər də baş ağrısı zamanı həkimə müraciət etməyi məsləhət görürlər. Unutmayın, zamanında müayinə və müalicə olmaqla bir çox ağır xəstəliyin qarşısını ala bilərsiniz.
Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, baş ağrıları insanların böyük əksəriyyətində gündəlik rast gəlinir:
"Yaşı az olan insanlar bu problemlə daha az qarşılaşırlar. Orta və yuxarı yaşda olanlarda isə baş ağrıları ilə daha rast gəlinir. Amma bu ağrılardan xilas olmaq üçün ilk növbədə həkimə müraciət etmək lazımdır ki, həkim həmin ağrıların nədən qaynaqlandığını müəyyənləşdirsin".
Mütəxəssis vurğulayıb ki, bütün baş ağrıları eyni səbəbdən yaranmır:
"İnsanların düşündüyünün əksinə olaraq baş ağrılarının bir çox müxtəlif səbəbi olur. Hətta bəzən başda deyil, mədə-bağırsaq sistemində yaranan problemlər səbəbindən baş ağrıları yaranır. Üstəlik, bunların müalicəsi də müxtəlif olur. Ona görə də həkim baş ağrısını mütləq müəyyənləşdirməli və ona uyğun müalicə təyin etməlidir".
Pərviz