Yuxusuz gecələrin səbəbi tapıldı: Dünyanın “ürək döyüntüsü” sürətlənir?

SAĞLAMLIQ
13:20 / 14.04.2026
75

Dünyanın “ürək döyüntüsü” kimi xarakterizə edilən Schumann Rezonansı son bir həftə ərzində qeyri-adi qrafiklər göstərərək həm elmi ictimaiyyətin, həm də yuxusuzluqdan şikayət edən insanların diqqətini çəkib. 

HİT.az xəbər verir ki, Yer səthi ilə atmosferin yuxarı qatları arasında yaranan bu təbii elektromaqnit dövran normalda saniyədə 7.83 Hertz sabit tezlikdə müşahidə olunur. Lakin son günlərdə qeydə alınan güclü dalğalanmalar bu tarazlığın pozulduğunu göstərir.

Sosial şəbəkələrdə artan şikayətlər əsasən qulaqda cingiltı, davamlı yorğunluq və yuxu pozuntuları ətrafında cəmlənib. Kosmik hava vəziyyətini izləyən “MeteoAgent” kimi platformalar bu həftə qeydə alınan səviyyələri “yüksək” və “narahatedici” kimi qiymətləndirib.

Bu sirli uğultu əslində Yer səthinə düşən ildırımların ionosfer qatında yaratdığı nəhəng rezonans boşluğundan yaranır. Alimlər bu prosesi böyük bir dinamik hoparlörün daxilindəki sabit titrəyişlərə bənzədirlər. Lakin aprel ayının əvvəlində Günəşdə baş verən güclü partlayışlar bu sabitliyi pozub. Günəşdən ayrılan yüklü hissəciklər Yer maqnit sahəsini dalğalandıraraq ionosferdə enerji sıxlığını artırıb.

Tədqiqatçıların üzərində dayandığı maraqlı nəzəriyyələrdən biri bu tezliklərin insan beyninin rahatlama anında yaranan “theta” dalğalarına bənzəməsidir. Bu yanaşmaya görə, planetin ritmindəki kiçik dəyişikliklər belə insanın bioloji saatına təsir göstərə bilər. Bir çox insan cazibə qüvvəsinin daha ağır hiss edildiyini, görmənin bulanıqlaşdığını və daha canlı, qəribə yuxular gördüklərini bildirir. Tibb ictimaiyyəti hələ ki, bu simptomlarla elektromaqnit dalğalar arasında klinik əlaqə təsdiqləməyib, lakin atmosfer dəyişikliklərinə həssas insanların sayının artdığı qeyd olunur.

Bu dəyişikliklər yalnız bioloji sistemlər üçün deyil, həm də rəqəmsal infrastruktur üçün risk yarada bilər. Maqnit sahəsində aktivlik artdıqda K-indeksi yüksəlir və bu zaman enerji xətləri, peyklər və radio rabitə sistemləri təhlükə altına düşə bilər. 2025-ci ildə bir “Airbus” təyyarəsinin Günəş radiasiyası səbəbindən qəfil hündürlük itkisi yaşaması hələ də yaddaşlardadır. Mütəxəssislər böyük günəş fırtınasının enerji şəbəkələrini sıradan çıxara biləcəyi barədə xəbərdarlıq edir və hazırkı vəziyyətin müvəqqəti sakitlik ola biləcəyini bildirirlər. Lakin yaxın günlərdə gözlənilən yeni Günəş partlayışları Yer kürəsinin aşağı tezlikli rezonansını yenidən gücləndirə bilər.

Samir
 

0