Ev təmizliyində hamam və mətbəx kimi sahələrə göstərdiyimiz diqqəti, təəssüf ki, gün ərzində daim istifadə etdiyimiz texnoloji cihazlara göstərmirik. Halbuki Milli Sağlamlıq Araşdırmaları Mərkəzinin paylaşdığı məlumatlar həm noutbuk, həm də stolüstü kompüterlərin klaviaturalarının gözləniləndən qat-qat artıq bakteriya topladığını ortaya qoyur.
HİT.az xəbər verir ki, gündəlik istifadə etdiyimiz bu səthlərin mütəmadi təmizlənməsi yalnız cihazın ömrünü uzatmır, eyni zamanda birbaşa şəxsi sağlamlığımızı qoruyur. Klaviatura təmizliyinin tezliyi istifadə intensivliyindən asılı olaraq dəyişsə də, mikrobiologiya mütəxəssisləri bu prosesin ən azı həftədə bir dəfə aparılmasını tövsiyə edir. Kompüter aksessuarlarının həftəlik təmizlik rejiminə daxil edilməsi görünməyən təhlükələrin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.
Araşdırmalar göstərir ki, orta statistik kompüter klaviaturasında olan bakteriya miqdarı kifayət qədər yüksəkdir. Xüsusilə ümumi istifadə olunan cihazlar fərdi kompüterlərlə müqayisədə daha çox çirklənməyə məruz qalır. Lakin əsas narahatedici məqam bakteriyaların növləri və onların yaşama müddətidir. Çikaqoda yerləşən bir xəstəxanada aparılan tədqiqat bəzi davamlı və təhlükəli bakteriya növlərinin klaviatura səthində 24 saata qədər canlı qala bildiyini üzə çıxarıb.
Daha diqqətçəkən müqayisə isə Arizona Universitetindən gəlir. Tədqiqatçılar müəyyən ediblər ki, tipik bir ofis masasında olan bakteriya sayı unitazdan təxminən 400 dəfə çoxdur. Bu statistika elektron məktublar yazarkən əslində nə qədər riskli bir səthlə təmasda olduğumuzu açıq şəkildə göstərir.
Klaviaturanı bakteriyalardan təmizləmək vacib olsa da, bu prosesi həssas texniki hissələrə zərər vermədən aparmaq şərtdir. Noutbuk və xarici klaviaturalar üçün təmizləmə üsulları fərqlənir. Təzyiqli hava spreyləri həssas komponentlərə toxunmadan toz və qalıqları aradan qaldırmaq üçün ən təhlükəsiz vasitələrdən hesab olunur. Çətin çatılan boşluqlar və girintilər üçün xüsusi təmizləyici jellər və ya uyğun məhlullardan istifadə daha dərin təmizlik təmin edir.
Unutmayın ki, iş mühitinin və kompüter avadanlıqlarının mütəmadi təmizlənməsi yalnız gigiyena məsələsi deyil. Toz və çirkdən təmizlənmiş sistem isinmə problemlərinin qarşısını alaraq cihazın istismar müddətini də artırır. Texnoloji avadanlıqlara göstərilən bu kiçik diqqət onların uzun müddət səmərəli və təhlükəsiz istifadəsinə imkan yaradır.
Samir


