Son illərdə insanlar arasında plastik əməliyyatlara maraq artıb.
Xüsusilə, burun əməliyyatı etdirənlərin sayının kəskin artdığı özünü biruzə verir. Artıq təkcə sağlamlıq problemi olanlar deyil, sırf görünüşünü dəyişmək məqsədilə əməliyyat etdirənlərin sayı da çoxalıb. Yəni burun əməliyyatı etdirmək üçün tibbi zərurət olmasa da, bıçaq altına keçirlər. Lakin sağlamlıq problemi olmadığı halda estetik əməliyyat etdirmək müəyyən risklər daşıyır. Bu risklər yalnız tibbi deyil, eyni zamanda psixoloji baxımdan da insanın həyatına təsir göstərə bilir.
Bəs sağlamlıq problemi olmadan estetik məqsədlə burun əməliyyatı etdirmək nə qədər risklidir?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, tibbi göstəriş olmadan burun əməliyyatı kimi riskli əməliyyatların edilməsi etibarlı deyil:

“Ümumiyyətlə tibbi elmində əməliyyatların hamısı ancaq tibbi göstəriş əsasında aparılmalıdır. Hətta estetik əməliyyatın özü də bəzi tibbi göstərişlərin əsasında aparılır. Məsələn, bir adamın sifəti yanır, o yeri görünümlü etmək üçün bədənin başqa yerindən götürərək oranı əməliyyat edirlər. Buna bənzər müxtəlif proseslər ola bilər.
Əslində, bu gün estetik əməliyyatı adi bir prosesə çeviriblər. Hansı ki, bunun özü belə çox riskli əməliyyatdır. Nəzərə almaq lazımdır ki, burun əməliyyatı etdirən nə qədər insan həyatını itirir və ya ağır vəziyyətə düşür. Əgər bunun fəsadları xalqa çatdırılsa, bu əməliyyatdan lüzumsuz istifadə etməyi məqsədə uyğun saymazlar”.
Həkim qeyd edib ki, ən riskli burun əməliyyatda sonra xoşagəlməz sindromlar ortaya çıxa bilər:
“Ən çətin, bəlkə də ən riskli əməliyyat burun əməliyyatıdır. Çünki orada istənilən formada ağır sindromlar yarana bilər. Əməliyyata girənlər bütün riskləri nəzərə almalıdırlar. Bəzən kompleks insanın gözünü örtür və hər kəsin etdiyini təkrarlayır. Bir çox hallarda estetikasını pozan nə isə olmasa belə həvəsə düşüb burun əməliyyatı etdirənlər olur. Halbuki tibbi ehtiyac olmadan bunu etmək doğru deyil”.
Həmsöhbətimiz vurğulayıb ki, estetik əməliyyatlarla bağlı yeni qaydalar hazırlanmaldır:
“Hazırda estetik əməliyyatlarla bağlı müəyyən qaydalar yazılmalıdır. Əməliyyat zamanı ölümlərin və ağır fəsadların qarşısını atmaq üçün düzəlişlərə ehtiyac var. Hesab edirəm ki, sadəcə tibbi göstəriş olanda plastik əməliyyatı etdirməyə icazə verilmədir”.
Məsələnin psixoloji tərəflərini isə psixoloq Gülnar Orucova ilə danışdıq.

O, Hit.az- açıqlamasında bildirib ki, estetik əməliyyatı etdirən insanlar özlərində qüsur görür və kompleksə düşərək bunu həll etməyə çalışırlar:
“Ümumiyyətlə, estetik əməliyyatların sayı artıb. Bu təkcə burun əməliyyatına deyil, digər əməliyyatlara da aiddir. Bu sahə üzrə ixtisaslaşan həkimlərin sayı da durmadan artır. Hətta bəzi lisenziyası olmayan həkimlər də fəaliyyətə başlayıb. Elə həkim var ki, az qalsın şəhərin yarısını əməliyyat edib, amma onun əməliyyat etmə lisenziyası belə yoxdur. Estetik əməliyyatı o insanlar etdirir ki, özlərində qüsur görürlər. Yəni bugün burun əməliyyatlarında ölənlərin sayı əvvəlki illərə nisbətən artıb. Buna rəğmən artıq insanlar 3-4-cü dəfə burun əməliyyatı üçün yenə də həkimə müraciət edirlər. Əgər bir insan çox estetik əməliyyata müraciət edirsə, deməli, onun özgüvəni aşağıdır”.
Psixoloq diqqətə çatdırıb ki, valideynlər övladlarına özgüvənli olmağı aşılasa, belə əməliyyatlara ehtiyac olmayacaq:
“Övlad yetişdirəndə diqqət etməli olduğumuz məqamlardan biri də onu özgüvənli yetişdirməyimizdir. Çox istərdim ki, valideynlər övladlarını özgüvənli yetişdirsinlər. Bu halda böyüyəndə əməliyyatlar onların ağlına belə gəlməyəcək. Bəzən özgüvəni uşağımıza kiçik yaşlardan verə bilmirik və belə olan halda onlar özünü yalnız gözəl görmək üçün riskə atırlar”.
Həmsöhbətimizin sözlərinə görə, belə halların yaranmasının bir neçə əsas səbəbi var:
“Bunun birinci səbəbi, özünü qəbul etməmə, ikinci, sosial təzyiq, üçüncü, daxili narahatlıq və kompleksdir”.
Arzu İbrəhimova


