Zoğalın tərkibində olan maddələrin bakteriyaların diş səthinə yapışmasının və diş ərpi əmələ gətirməsinin qarşısını aldığı müəyyən edilib. Bu xüsusiyyət sayəsində giləmeyvə kariyesdən və diş ətinin iltihabından qoruyucu təsir göstərə bilər. Bu nəticəyə Braziliyanın Santa-Katarina Federal Universitetinin alimləri gəliblər.
HİTaz xəbər verir ki, tədqiqatın nəticələri “Biomedicines” jurnalında dərc olunub.
Müəlliflər zoğalın və onun komponentlərinin ağız sağlamlığına təsiri ilə bağlı 93 elmi araşdırmanı təhlil ediblər. Məlum olub ki, giləmeyvədə olan birləşmələr kariyesə səbəb olan bakteriyaların çoxalmasını zəiflədir və diş minasının zədələnməsinin əsas səbəbi olan diş ərpinin yaranmasının qarşısını alır.
Bundan əlavə, zoğalın tərkibindəki maddələr diş ətindəki iltihabı azaldır və immun cavabın daha effektiv işləməsinə kömək edir. Bu isə orqanizmin infeksiyalara qarşı mübarizəsini gücləndirir. Bir sıra tədqiqatlarda həmçinin qeyd olunub ki, zoğal komponentləri parodont xəstəliklərinin inkişafını ləngidə və diş ətrafındakı sümük toxumasının zədələnməsinin qarşısını ala bilər.
Alimlər zoğalın antioksidant xüsusiyyətlərinə də diqqət çəkirlər. Bu maddələr ağız boşluğunun toxumalarını zədələrdən qoruyur və bəzi stomatoloji prosedurların, məsələn dişlərin ağardılmasının mənfi təsirlərini azalda bilər.
Laboratoriya təcrübələrində giləmeyvənin komponentlərinin toxumaların bərpasını sürətləndirə və göbələklərin, eləcə də zərərli mikroorqanizmlərin aktivliyini azalda bildiyi də göstərilib.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, mövcud nəticələrin böyük hissəsi laborator şəraitdə əldə olunub. Kliniki sınaqlar hələ kifayət qədər deyil, buna görə də zoğalın müalicəvi təsiri barədə qəti nəticə çıxarmaq tezdir. Buna baxmayaraq, əldə olunan məlumatlar giləmeyvənin ağız boşluğuna qulluq vasitələrinin, məsələn diş pastaları və qarqaraların hazırlanması üçün perspektivli olduğunu göstərir.
Samir


