SƏNƏT
13:11 / 06.11.2021
448

Vilayət Quliyevi radiodan niyə qovmaq istəyiblər...

Vilayət Quliyev,

tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

6 noyabr Radio günü imiş... Heç vaxt radioda işləməsəm də gənclik həyatımın bir neçə ili Azərbaycan radiosu ilə sıx bağlı olub. Mailə Muradxanlını, Cahan Vəzirovanı (sonra qayınanam oldu, uğurlu ailə həyatımız üçün ona çox borcluyuq), İbrahim Göyçaylını, Tofiq Xəlili, Ələddin Əsədovu və digər dostları minnətdarlıq hissi ilə xatrlayıram.

Radionun ədəbi-dram verilişləri redaksiyasının daimi və ən məhsuldar müəlliflərindən biri idi. Elə ay olurdu ki, 500-600 manat (1980-ci ildə nazir maaşından çox idi) qonorar alırdım. Bir dəfə radio üzrə sədr müavini Tahir Paşazadə maliyyə sənədlərinə qol çəkərkən buna diqqət yetirmiş, mərhum Mailə xanımı yanına çağırıb izahat istəmişdi. Mailə xanım məni nə qədər müdafiə etmək istəsə də xeyri olmamışdı. Tahir müəllim "Rədd eləyin bunu buradan. Kənddən dünən gəlib, məndən çox pul qazanır"-demişdi. Odur ki, bir neçə ay Mailə xanımın tövsiyəsi ilə radioda az-az göründüm və təxəllüslə yazdım.

İkinci dəfə isə məni mərhum Rauf İsmayılov radiodan qovmaq istəmişdi. "XX əsr. İncəsənət" verilişinə gözəl italyan aktrisası Anna Manyani haqqında süjet hazırlamışdım. Süjet pafoslu "İndi o yeni rollar üzərində işləyir" cümləsi ilə bitirdi. Veriliş efirə hazırlanarkən musiqi tərtibatçısı, incəsənəti gözəl bilən Mehriban Bəşirzadə "Ala, nə yeni rol? O çoxdan ölüb" demişdi. (Nə edə bilərdim? O vaxt Vikipedia yox idi ki, dərhal məlumat ala bilim). Veriliş üçün məsul olan Rauf İsmayılov bunu eşidib dəliyə dönmüşdü. İşçilərinə "O ölünü diri yazanı rədd eləyin buradan" -demişdi. Amma o zaman problemi operativ bir qonaqlıqla yoluna qoymaq mümkün olmuşdu.

Üçüncü dəfə məsələ komitə sədri səviyyəsinə çıxmışdı. Bir yumoriristik veriliş üçün "Aşıq Təhsinlə Aşıq Möhsünün deyişməsi" adlı mənzum dialoq yazmışdım. Universitetdə müəllimim olmuş professor Təhsin Mütəllibov şikayət eləmişdi ki, "Bunu yazan kimdirsə, mənə sataşır. Respublikada Təhsin adlı yeganə adam mənəm".

Amma bu ütüdən də salamat qurtara bildim...

Radiodan isə öz xoşumla, doktorluq dissertasiyası yazmağa başlayanda könüll şəkildə uzaqlaşdım.

Gözəl radio! Səninlə nə qədər munis xatirələr bağlıdır!

Bütün radio jurnalistlərini ürəkdən təbrik edirəm. Azərbaycan radiosunun şanlı ənənələrini yaşatmağa çağırıram.

1