Məşhur türk aktyorlar Bakıda qala-gecəyə qatıldı - FOTOLAR

MƏDƏNİYYƏT
12:46 / 18.03.2022
1487

Türkiyənin tanınmış sənətçisi Bergenin həyatından bəhs edilən filmin Bakıda qala-gecəsi keçirilib. 

Fimdə 80-ci illərin türk arabeskinin kraliçasının obrazını aktrisa Fərəh Zeynap Abdullah yaradır.
 
Azərbaycan tamaşaçısı onu "Öyle bir geçer zaman ki”, "Kurt Seyit ve Şura”, "Masumlar Apartmanı”, "Muhteşem Yüzyıl: Kösem” və digər məşhur seriallarda yaratdığı rollarından tanıyır.

"Park Cinema Flame Towers” kinoteatrında baş tutan qala-gecədə Farah Zeynap Abdullahla yanaşı, Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar iştirak edib. 

"Biz bu filmi böyük sevgi ilə çəkdik. Bergen obrazını oynamaq mənim üçün çox fərqli idi. Filmin senarisindən çox təsirləndim. Ümid edirik ki, bakılı tamaşaçılar da filmi bəyənəcəklər”, – deyə baş rol ifaçısı Farah Zeynap Abdullah bildirib.

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanı Bergen (əsl adı - Belgin) 1959-cu ildə Mersində anadan olub və 7 uşaqlı ailənin ən kiçik uşağı olub. 

Valideynlərinin boşanması onun həyatını kökündən dəyişir. Gənc qızın Ankarada yaşayan anasından başqa kimsəsi yoxdur. 

Konservatoriyaya daxil olan Bergen Ankaraya gedir və yerli "Feyman” klubunun ulduzu olur. Ancaq zamanın şərtlərinə uyğun olaraq bağlanan müqavilələr səbəbindən Bergen bir müddət işləmək üçün anası ilə birlikdə Adanaya yola düşür. 

Orada Halis Özgürlə tanış olur, onunla evlənir, bundan sonra isə həyatı əsl cəhənnəmə çevrilir. 

Davamlı hücum və zorakılığın nəticəsində onun üzünə turşu tökülür ki, bu da onun sağ gözünü həmişəlik eybəcərləşdirir.

Buna baxmayaraq, Bergen səhnəyə qayıdır və Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Lakin keçmiş əri tərəfindən 30 yaşında güllələnərək qətlə yetirilir.

Türkiyənin bir sıra şəhərlərinin kinoteatrlarında nümayiş olunan filmi ilk gündə 700 mindən çox tamaşaçı izləyib. Mətbuat yekdilliklə bu filmi "Türk kinosunun ən yaxşı əsərlərindən biri” adlandırıb.

0