Akademik Musiqili Teatrda  premyera - “Qırmızı papaq və Redmüzi” (FOTOLAR)

18:05 / 19.04.2022
1796

May ayının 8-də saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balaca teatrsevərlər üçün “Qırmızı papaq və Redmüzi” tamaşasının premyerası olacaq.

Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan “Qırmızı papaq və Redmüzi” müzıklının librettosu və quruluşu gənc rejissor Zəhra Quliyevaya məxsusdur. Məşhur “Qırmızı papaq” (Y.Şvarts) nağılının motivləri əsasında hazırlanan tamaşa hər kəs üçün maraqlı olacaq.

Rəngarəng süjet xətti ilə diqqət çəkən tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti, Prezident mükafatçısı Əmrah Dadaşovdur.

Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmüzi) və Fatimə Rəhimlidir (Qırmızı papaq).

Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehirli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar.

Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.

Uşaqların müasir dünyagörüşünə, maraq dairəsinə daxil olan elektronlaşmış həyat hadisələrini əhatə edən bu qeyri-adi tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.  Kollektiv sifarişlər də qəbul olunur.

0