Ərinə görə qızıllarını satdı, oğlu şəhid oldu - Onu niyə həbs etmək istəmişdilər?

MƏDƏNİYYƏT
19:00 / 27.05.2022
2139

HİT.az kulis.az-a istinadən Xalq şairi Xəlil Rza Ulutürkün bu gün dünyasını dəyişən həyat yoldaşı və məsləkdaşı Firəngiz Xəlilbəyli haqqında maraqlı faktları təqdim edir.

Firəngiz Xəlilbəyli 1928-ci ildə anadan olub. O, Xalq şairi Xəlil Rza ilə eyni universitetdə (ADU-nun filologiya fakültəsinin jurnalistlika şöbəsi - red) təhsil alıb. Firəngiz 1-ci kursda, Xəlil isə 4-cü kursda oxuyurmuş.

Qeyri-qanuni nikaha görə həbs olundu, əri ona xəyanət elədi, ölkəsindən qovuldu – 21 il ev dustağı olan Ququşun həyatı

Firəngizin bacısı şairlə bir yerdə oxuyurmuş. O, tez-tez bacısının yanına gedib-gələndə, Xəlil Rza onu görür və ondan xoşu gəlir. Bir gün isə Xəlil Firəngizin ardınca düşüb onu izləyir. Sonra Xəlil ona məktublar yazır, o isə gecə hamamda gizlicə oxuyurmuş.

***

Xəlil Rzanın tez-tez Firəngizin oxuduğu auditoriyada görünməsi oğlanların xoşuna gəlmir. Mübahisələr, söz-söhbətlər... Bir dəfə isə Xəlil Firəngizin qrup yoldaşlarından birini döyür. Bu böyük problemlər yaradır, Xəlilin universitetdən qovulması məsələsi gündəmə gəlir. Sonra rektor Əlövsət Quliyev hər iki tərəfi barışdırıb məsələni həll edir.

Günlər keçir, Firəngiz Xəlilə dəqiq cavab vermir, Xəlil isə onun arxasınca düşməyə davam edir. Amma bu da xoş deyildi, qohumları görə bilər, qız üçün problem yarana bilərdi. Axırda qız məsələni anasına danışır. Anası da atasına deyir və ata da Xəlilin elçi göndərməsini istəyir. Firəngiz xanım ardını müsahibəsində belə danışır:

“Sonra Xəlilgil elçi gəldi. Biz məşhur Aşurbəyovlar nəslindən idik. Anam da istəyirdi ki, mən öz nəslimizdən olan həkimə gedim. Eyni vaxtda həm Xəlilgil, həm də anamın qohumları elçi gəldi. Birini öz evimizdə, birini də qonşunun evində əyləşdirdilər. Mənimlə söhbət etdikdən sonra atama cavabım Xəlil oldu”.

Xəlil Rzanın arxiv səliqəsi və gündəliyi dillərdə dastandır. O, demək olar ki, hər şeyi qeyd edirdi. Həyat yoldaşı Firəngiz xanım bu gündəlikləri yığıb çap etdirirdi. Hətta qızıllarını satıb şairin kitablarının çap olunmasına xərcləmişdi.

***

Firəngiz xanım müsahibələrinin birində deyir:

“Xəlilin mənim üçün yazdığı "Sən ikinci Xəlilsən" şeirində bizim həm gəncliyimizdən, həm də sevgimizdən bəhs edib. Orda məhəbbətini çox gözəl ifadə edib. Amma o mənim adımı şeirlərində yazanda xoşlamırdım. Deyirdim, Xəlil, mənim adımı şeirlərində yazma. Qoy, o şeirlər hamıya aid olsun. Xəlil səkkiz ay, on altı gün həbsdə olub. Bu vaxt ərzində mən Moskvaya, Xəlilin yanına on beş dəfə gedib gəlmişəm. Kryuçkov bir dəfə mənə dedi ki, səni də həbs edib onun yanına salacam. O, bununla həm də demək istəyirdi ki, sən niyə onun qarşısını almamısan. Mən də ona demişdim ki, mənim üçün Xəlilin yanında olmaq çox yaxşı olardı. Biz xeyli şənlənərik. Mənə deyirdi ki, bu asiyalı qadının danışığına baxın.

Bəzən gecələr görürdüm ki, yuxusu gəlir, yatmaq istəyir. Ona deyirdim ki, sən get yat, yazılmalı nə qalıbsa, mən davam edərəm. Qoymurdu. Deyirdi, sən bütün günü işləyib əldən düşmüsən. Sobanın yanında az dayanmısan ki, indi də makinanın yanında dayanasan? Amma mən də onu çox istəyirdim axı. Məcburən onu yatmağa göndərirdim. Ondan sonra yarım saat xəyallarla yaşayırdım, məişətlə, gələcəklə bağlı planlar qururdum. Gecənin bir aləmi Xəlilin əlyazmalarını təzələyib yazırdım. O, yuxudan oyanıb ağ vərəqləri görəndə deyirdi: "Firəngiz, mən təkcə sənə dua eləmirəm. Anana dua edirəm ki, dünyaya sənin kimi mənəviyyatı zəngin qız övladı gətirib. Sən bütöv insansan!".

1991-ci ilin sonlarında oğlu Təbriz könüllü olaraq cəbhəyə yola düşür. Cəsur döyüşçü kimi tanınan Təbriz Xəlilbəyli Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə dəfələrlə qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətlərinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülür. Təbriz Xəlilbəyli 1992-ci il, yanvar 31-də baş verən döyüşdə şəhid olur. Firəngiz xanım son müsahibələrinin birində oğlu haqda deyir:

“Təbriz elə uşaqlıqdan vətənpərvər ab-havada böyümüşdü. Evdə həmişə qılınc-qılınc oynayırdılar. Bir gün çağırış vərəqəsi gəldi. Ailədə heç kim ona deyə bilməzdi ki, getmə. Bu barədə bizdə söhbət belə gedə bilməzdi. Təbriz getdi müharibəyə. Qayıtmadı (susur). Xəlil ondan sonra qaşqabaqlı gəzib-dolanırdı, amma istəmirdi ki, ağrısını büruzə versin, ya biz nəsə hiss edək. Həmişə deyirdi ki, Təbriz balam vətən uğrunda getdi, atasının amalını yerinə yetirdi”.

Firəngiz Xəlilbəyli 27 may, 2022-ci ildə Bakı şəhərində vəfat edib.

0