Məşhur Azərbaycan heykəltaraşı Natiq Əliyev MDB-ə üzv ölkələrin Beynəlxalq Hökumətlərarası Əməkdaşlıq Fondunun mükafatına layiq görülüb. Bu barədə fondun layihələrin reallaşdırılması və hazırlanması şöbəsinin məsləhətçisi Marina Xudyakova məlumat verib.
Onun sözlərinə görə, Natiq Əliyev 2021-ci il üçün "Birliyin ulduzlar"ı mükafatının laureatı adını qazanıb. Pul mükavatı, diplom , fəxri nişan və vəsiqədən ibarət olan bu mükafat öz xidmətlərinə görə seçilən şəxslərə verilir.
Mükafatın təqdimetmə mərasiminin Daşkənddə keçirilməsi nəzərdə tutulub.
Natiq Əliyev Azərbaycanda və onun hüdudlarından kənarda Azərbaycanın rəmzinə çevrilmiş bir sıra əsərlərin müəllifidir.
Natiq Əliyev Rusiya rəssamlıq akademiyasının fəxri üzvü və Azərbaycan Respublikasının xalq rəssamı fəxri adlarına layiq görülüb.
Məşhur heykəltaraş 1974-1978-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və oranı "Fərqlənmə diplomu" ilə bitirib. Daha sonra o, Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib, 1980—1983-cü illərdə Lenin təqaüdçüsü olub.
Hal-hazırda Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsində çalışır.
Natiq Əliyev 20-dən çox heykəl və 15-dən artıq memorial lövhənin müəllifidir.