Səsinə göz dəyən, dilinin bəlasına düşən sənətkar

MƏDƏNİYYƏT
19:15 / 12.08.2022
2497

“Bir ulduz axdı” layihəmizdə bu gün Respublikanın Xalq artisti, Dövlət mükafatı laureatı, çox sevilən aktyor  Şahmar Ələkbərovdan danışacağıq. 12 avqust onun anım günüdür.

O, qısa ömür yaşayıb, cəmi 49 il. Amma bu ömrə çox şey sığdıra bilib, unudulmaz olmağı bacarıb. Həm siması, həm də səsi ilə Azərbaycan kinosunda özünəməxsus iz buraxıb Şahmar Ələkbərov.

Şahmar Ələkbərovun məxməri, məlahətli səsinin xüsusi sehri, qəlbəyatanlığı vardı. Nadir səsə malik olduğuna görə, onu bədii filmlərlə yanaşı sənədli filmlərin oxunuşuna da dəvət edirdilər. Səsinin məlahətli olmağı bir yana, o, həm də, kino dili ilə desək, çox yaxşı “ukladçik” (düzücü) idi. Dublyajda “ukladka” (düzmə) etməyə daha çox Həsən Əbluc və Şahmar Ələkbərov dəvət olunurdu.  Bu, çox çətin iş idi.  Gərək söz ehtiyatın çox ola, dili gözəl biləsən ki,  improvizə edərək birbaşa yaza biləydin. İl ərzində Şahmarı ən azı 20-25 filmi səsləndirməyə çağırırdılar

O, dünyasını dəyişəndə sənət dostlarından biri “Şahmarın səsinə göz dəydi, ona görə dilindən bəlaya gəldi” deyib kövrəlmişdi.

Aktyorun yaddaqalımlı ekran personajları  Azərbaycan kinosunun “Qızıl Fond”unun əsas hissəsini təşkil edir.  O milli kinomuza bir-birindən maraqlı, koloritli obrazlar bəxş edib. Əsasən, “döyüşən obrazlar” qalereyası yaradıb.

1967-ci ildən başlayaraq Azərbaycan kinosunda 30-a yaxın filmdə əsas rolları oynayıb.  “Dağlarda döyüş” filmində Fərrux, “Mən ki gözəl deyildim” də Məzahir, “Yeddi oğul istərəm”də Qəzənfər, “Axırıncı aşırım”da İman, “Skripkanın sərgüzəşti”ndə Davud, “Qatır Məmməd”də Qatır Məmməd, “Bakıda küləklər əsir”də Azad, “Arxadan vurulan zərbə”də Gündüz Kərimbəyli, “Babək”də Cavidan...

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. Ailəsi aktyor olmağını istəməyib. Hətta, buna görə ondan küsüblər. 

İş həyatı erkən başlayıb, III kursda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. 

Həyat yoldaşı teatrşünas Kəmalə xanımla teatrda tanış olublar. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra o, yenidən elçi göndərir və onlar evlənirlər. Bu evlilikdən onların əkiz qız övladları doğulur- Ləman və İzulət 
Onun kino aktyoru kimi karyerası "Dağlarda döyüş" filmindən başlayıb. Deyilənə görə, bu filmdə aktyor Möhsün Sənani onu baş rolda oynayan gəlini Ofeliya Sənaniyə möhkəm qısqanırmış.

Şahmar Ələkbərov kinoda rejissor kimi  2 film çəkib,( "İmtahan", "Sahilsiz gecə”). Onun ssenarisi əsasında şair Vahidə həsr olunmuş "Qəzəlxan" filmi də uğurlu alınıb. 

"Sahilsiz gecə"  əslində aktual bir mövzuya həsr olunsa da, film etirazlara səbəb oldu. Bu Şahmar Ələkbərovu xeyli ruhdan saldı. “Azərbaycan qadınının keşiyində duran” bəzi şəxslər  filmdəki fahişə obrazlarına görə, Şahmar Ələkbərovun ekran işini “daş-qalaq etdilər”. “Sahilsiz gecə” cəmi bir neçə dəfə nümayiş olunduqdan sonra ekranlardan itdi. 
Şahmar çox ailəcanlı adam olub. Əkiz qızlarını həddindən çox sevib. Onların hər iksinin toyunu bir gündə o vaxtkı “Abşeron” mehmanxanasının restoranında edib. İş yoldaşı kimi də hər kəs onu məsuliyyətli, mehriban, sadə biri olaraq xatırlayır. Ömrünün son illərində onda meyxanaya maraq yaranır. Hətta meyxana teatrı da yaratmaq istəyirdi, amma ömür vəfa eləmədi.

Şahmar Ələkəbərov yaşının ən gözəl, yaradıcılığının ən məhsuldar vaxtında xərçəngə tutulur. Düz yeddi il xəstəliyi ilə mübarizə aparır. "Firəngiz" filminin çəkilişlərindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq verməyib. 1992-ci ilin qışında onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də, ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Uzun sürən xəstəlikdən sonra görkəmli kino xadimi, Xalq artisti 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat etdi.
Şahmar Ələkbərovun xanımı və evli olan əkiz qızları İzulət və Ləman Ələkbərovalar çoxdandır xaricdə yaşayırlar.

İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifəsində çalışıb.

0