Sovet kinosunun bakılı “Merilin Monro”su -  HƏYAT HEKAYƏSİ

MƏDƏNİYYƏT
09:36 / 09.07.2020
18933

Sovet kino aktrisası İren Azər qeyri-adi görünüşü ilə diqqət cəlb edirdi. Bəziləri onu “Şərq şahzadəsi” adlandırır, digərləri isə Hollivud ulduzu Merilin Monro ilə müqayisə edirdilər. Fransız adı və Azərbaycan mənşəli soyadı ilə populyar olan xanım aktrisanın maraqlı həyat yolu olub. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinodan uzaqlaşan sarışın aktrisa hələ də postsovet məkanında sevilir.

Modern.az saytı İren Azərin həyat yoluna qısa işıq salır…

İren Azər 1949-cu il sentyabrın 19-da Bakıda anadan olub. Onun atası polyak əsilli təyyarəçi Yofan Bakıda hərbi aerodromlardan birinə çalışırdı. O, əslən Kuban kazaklarından olan Liliya Georgiyevna ilə sevgili idi. Bu münasibətdən də İren anadan olmuşdu.
Uşaq doğulandan bir müddət sonra Yofan vətəninə - Polşaya dönməyə məcbur olsa da, qızına İren adını verməyə imkan tapmışdı. Liliya Georgiyevna isə əri ilə Bakıdan Polşaya getmək istəməyərək, burada qaldı. O, İkinci Dünya Müharibəsində aktiv iştirak etmişdi.  

İren adı ilə qeyri-adi səslənən Azər soyadı isə qıza atalığı, əslən Cənubi Azərbaycandan olan general, İran şahı Məhəmməd Rza Pəhləvinin şəxsi düşməni Əbdülrza Azərdən keçmişdi. İranda barəsində ölüm hokum kəsilən Əbdülrza SSRİ-yə qaçmaqla həyatını xilas etmişdi. Bakıda kazak qızı Liliya ilə tanış olan və onunla ailə quran iranlı general İreni də övladlığa götürmüşdü.

Qızlığını xüsusi qayğı ilə “Güləndər” adlandıran Əbdülrza arvadı Liliyanı da “Leyla” deyə səsləyərdi. O, İranın qədim və nüfuzlu zadəgan nəsilindən idi və ailəsinə qayğı göstərir, qızlığı üçün Bakıdakı evinin həyətində fəvvarə tikdirmişdi.

Sonralar Əbdülrza Moskvada Şərqşünaslıq İnstitutunda müəllimliyə başladığı üçün ailəsini də ora köçürür. Beləliklə, İren balaca yaşlarından Moskva mühitinə düşür.

16 yaşından artıq öz uca boyu, sarışın gözəlliyi, rəngli gözləri və davranışı ilə yaşıdları arasında seçilirdi. Moskva Moda Evinin direktoru Viktor Moskovski onu maneken olmağa dəvət edir.  İren 1977-ci ildə qədər - 12 il model kimi çalışır.

Amma onu əsl uğur modellik sahəsində deyil, kinoda gözləyirdi. 1968-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olan İren Azər Sergey Gerasimovun qrupunda kino sənətinin sirlərini öyrənir.  Onun kurs yoldaşıları Sovet kinosunun gələcək simasını müəyyənləşdirəcək Niklolay Yeremenko, Təlqət Niqmatulin, Vadim Spiridonov, Sergey Nikonenko, Nina Maslova və başqalarından ibarət idi.

İrenin karyerası 1966-cı ildən ““13 stul” qəlyanaltıxanası” serialından başlayıb. O, serialda eyni zamanda 2 rolda (Olqa və Karolina) öz bacarığını nümayiş etdirmişdi. Amma aktrisanı populyarlaşdıran növbəti ekran işi “Azadlıq: Alovlu qövs” filmi olur. Filmdə o, rabitəçi Tanya rolunu canlandırır və sonradan bir neçə dəfə bu rola qayıdır.

70-ci illər İren Azərin yaradıcılığına daha bir uğurlu obraz - “Böyük dəyişikliklər” 4 seriyalı komediya filmində yaratdığı cazibədar Lyuska olur. Baş qəhrəman Gena Lyapişevin ağlını başından alan gözəlçə siması İren Azərə o qədər yaraşır ki, onu “SSRİ-nin Merilin Monro”su adlandırırlar.

1972-ci ildə rejissor Stanislav Rostotski gənc aktrisaya “Şəfəqlər burada sakitdir” filminin ssenarisini göndərir. Rejissor bakılı qızı Rira Ovsyanina rolunda görürdü. Amma aktrisa bu rola razılıq vermir.

Nəticədə, onun kurs yoldaşı İrina Şevçuk həmin rolu canlandırır. “Şəfəqlər burada sakitdir” ikiseriyalı bəddi film ekranlara çıxdıqdan sonra ümumittifaq populyarlığı qazanır, filmin baş qəhrəmanları da bir anda  məşhur olurlar. Kim bilir, bəlkə də İren Azər bu rolu qəbul etsəydi, onun kino karyerası tamam başqa istiqamətdə gedəcəkdi. Roldan imtina olunmasında İren Azərinin əri, jurnalist Yuri Şvartsın da rolu olub.

Yaradıcılığının sonrakı illərində İren Azər “Akvanavtlar”, “Ağ qu quşularına atəş açmayın”, “Sirli farvater”, “Əziz oğlan” və “Rezidentin qayıdışı” kimi filmlərə çəkilir.
O, “Böyük dəyişikliklər”də yaratdığı Lyuska obrazını fərqli canlandırır. Amma bütün bu rollara rəğmən İren Azərin aktyor potensilaını tam çılpaqlığı ilə sərgiləyəcək obraz təklifi ona heç vaxt verilmir.

80-ci illər İren Azərin karyerasında sonuncu uğurlu il olur. 1986-1991-ci illəri əhatə edən “yenidənqurma dövrü”ndə o daha 7 filmdə rol alır.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinosənaye də ciddi zədə alır. Artıq filmlərə çağırılmayan aktrisa profilini dəyişərək, ticarətə keçir. Piştaxta arxasına keçərək qadın alt paltarlarının satışına başlayır. Bu dövrdə əldə etdiyi qazancadan narazı olmasa da, onu tanımasınlar deyə parik və Günəş eynəyi ilə kimliyini gizlədir.

Bu məqamda aktrisanın şəxsi həyatına da nəzər salmaq lazımdır. Çoxsaylı pərəstişkarları arasında o, jurnalist Yuri Şvartsla olmağı seçir. Oxumuş, maraqlı və xarizmatik biri olan Yuri ilk görüşdən aktrisanın ağlını başından alır.

Amma sənət adamlarının həyatında tez-tez rastlaşdığımız problem – xəyanət Şvarts-Azər cütlüyündən də yan keçmir. Yuri Şvarts evdə onu yaraşıqlı həyat yoldaşının gözləməsinə baxmayaraq, davamlı olaraq ona xəyanət edir, məşuqələri ilə görüşlərə gedir.

“Akvanatlar” filminin çəkiliş meydançasında tanış olduğu aktyor German Poloskov İreni də həyat yoldaşından soyudur. Qarşılıqlı mübahisələr və xəyanətlər Yuri Şvarts-İren Azər cütlüyünün ayrılmasına səbəb olur. Bu izdivacın əsas müsbət tərəfi 1975-ci ildə anadan olan Viktoriya adlı övladları olur.

Qayıdaq 90-cı illərə. 1991-ci ildə artıq boşanmış, himayəsində azyaşlı övladı olan, həyat yolunda çoxsaylı eşq macəraları yaşamış, karyerasının ən aşağı nöqtəsinə çatmış İrenanı yeni sınaqlar gözləyirdi. Aktrisanı iş ortaqlarından biri böyük məbləğdə pul vəsaiti ilə aldadır, sonra onda Hepatit C aşkar olunur, 2002-ci ildə isə 45 yaşlı kiçik bacısı Dilarəm Azər öz həyatına qəsd edir. Bacısı ilə çox yaxın olan İrena Azər dərin depressiyaya qapılır, içkiyə qurşanır.

Qızı Viktoriyanın evləndikdən sonra ABŞ-a köçməsi və bir neçə il sonra anasını da yanına çağırması İren Azərin həyatında növbəti – bu dəfə stabil mərhələnin başlanması demək idi. Günəşli Kaliforniya ştatında qızı Viktoriyanın ailəsi ilə yaşayan keçmiş aktrisa vaxtını Oskar və Yura adlı 2 oğlan nəvəsi ilə  keçirir. Nənə status almış 71 yaşlı İren Azər aktrisa kareyrasını nə Rusiyada, nə də ABŞ-da bərpa edə bilir, amma o, bundan zərrə qədər də narahat olmadığını, sakit, qayğısız yaşadığını deyir.

0