SİYASƏT
10:37 / 01.04.2021
302

Paşinyan qalib gəlsə də, təkbaşına yeni hökumət qura bilməyəcək - ŞƏRH

“GALLUP International Association” beynəlxalq mərkəzinin İrəvan ofisi hər ay Ermənistanda sorğular keçirir. Bu təşkilatın Ermənistanda keçirdiyi son sorğunun nəticəsi də diqqəti çəkir. Soğrunun birinci hissəsi parlament seçkisinə, ikinci hissəsi isə Ermənistana tərəfdaş olan dövlətlər və təşkilatlarla bağlıdır.

HİT.Az xəbər verir ki, Mərkəzin keçirdiyi sorğunun nəticəsinə görə, Ermənistanda parlament seçkisi bu həftə keçirilərsə, baş nazir Nikol Paşinyanın “Mənim addımın” partiyası secicilərin 31 faiz səsini qazanacaq.

Ötən ay da eyni nəticə qeydə alınmışdı. Paşinyanın partiyasının müharibədə ağır məğlubiyyətdən sonra reytinqi azalsa da, o, rəqiblərini yenə də dəfələrlə üstələyir.

O biri qrupların sıralamasına nəzər yetirək:

Eks-prezidenti Robert Köçəryan – 5.9%, “Çiçəklənən Ermənistan” – 4.4 %, “Respublika Partiyası” – 2.4%, “Daşnaksütun Partiyası” – 2.1%, Vazgen Manukyanın lideri olduğu “Vətəni Xilas Hərəkatı” – 1%, digərləri isə 0-ın altındadırlar.

Xatırladaq ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistandakı yuxarıda qeyd olunan nəticə o deməkdir ki, Nikol Paşinyanın partiyası iyundan sonra parlamentdə yenidən çoxluğa malik olacaq.

“Sadəcə, əsas sual budur: Paşinyanın əldə edəcəyi səslər ona təkbaşına hökuməti formalaşdırmağa imkan verəcəkmi? Bütün hallarda Nikol Paşinyan yeni hökumətin də əsas ortağı olacaq. Sorğu bir başqa rəqəmi də ortaya qoyub: Ermənistan vətəndaşlarının cəmi 41.2 faizi 20 iyun parlament seçkisində iştirak edəcəklərini bildiriblər. Paşinyan iyuna qədər daha çox tərəfdarını seçkiyə həvəsləndirməlidir”.

“GALLUP International Association” beynəlxalq mərkəzinin İrəvan ofisi “Ermənistan hansı ölkə və qurumlarla müttəfiqliyi gücləndirməlidir” sualına da cavab axtarıb.

Nəticələrə görə, Rusiya mütləq liderdir. Ermənilərin 62.9 faizi Ermənistanın Rusiya ilə müttəfiqliyi gücləndirməsini lazım biliblər. Sonrakı yerlər belədir:

“ABŞ – 16.4%, Fransa – 6.4%, Avropa İttifaqı – 5.2%, İran – 2.4 %, Gürcüstan – 0.7%, NATO – 0.7%, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – 0.2%”.

“Bu nəticə ondan xəbər verir ki, ermənilərin mütləq əksəriyyəti Rusiyanın vassallığını qəbul edir. Ermənistanla əlaqələrə önəm verən Tehranda görsünlər ki, sorğunun nəticələrinə görə ermənilər Amerika ilə əlaqələri İranla əlaqələrdən daha üstün tuturlar. Gürcüstanla bağlı rəqəm də Tiflis üçün düşündürücü olmalıdır”,- E.Şahinoğlu deyib.

0