"Bu hadisədə tam məsuliyyəti İran tərəfi daşıyır"

SİYASƏT
17:58 / 27.01.2023
711

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"27 yanvar 2023-cü ildə günü acı xəbərlə açdıq. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən terror hadisəsi Azərbaycanda hər bir kəsi sarsıtdı. Çox təəssüf ki, İran İslam Respublikası terrora qarşı mübarizə aparmaq, bu hadisənin terror olduğunu etiraf etmək əvəzinə məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır. 

Azərbaycan XİN-i İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olmasından narahat olaraq , bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi məsələləri İran qarşısında davamlı olaraq qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. 

Biz tam əminik ki, İran dünyəvi, sivil Azərbaycan Respublikası arasında münasibətləri pozmaq üçün “üçüncü dövlətlər tərəfindən həyata keçirilməsi” ilə bağlı iddialarının da heç bir əsası yoxdur. Azərbaycanın İrandakı səfirliyinə edilən hücum beynəlxalq hüququn və iki ölkə arasında qanunvericiliyin kobud şəkildə pozulmasının göstəricisidir. Səfirliklərin əraziləri toxunulmazdır. Bu hadisə, başvermə səbəbindən asılı olmayaraq, beynəlxalq konvensiyalara ziddir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən, baş verənlərə görə səfirliyin yerləşdiyi ölkə kimi İran məsuliyyət daşıyır.

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi olaraq Azərbaycanın İrandakı səfirliyinə olan terrora qarşı qətiyyətlə pisləyirik, bu işdə İran rəhbərliyinin olmasına da tam əmin olaraq bildiririk ki, bu hadisədə tam məsuliyyəti İran tərəfi daşıyır. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun şəhid olmasından kədərlənir,  ona Allahdan rəhmət diləyir, ailəsinə baş sağlığı veririk.

0