Fırıldaqçılar pulunuzu ələ keçirmək üçün bu üsuldan istifadə edir – Diqqətli olun

SOSİAL
21:38 / 21.09.2026
41

Fırıldaqçılar bank əməkdaşı və ya digər tanınmış qurumların nümayəndəsi kimi təqdim olunaraq insanların pullarını ələ keçirməyə çalışırlar. Belə hallarda ən vacib qaydalardan biri gözlənilməz zəng və mesajlara dərhal reaksiya verməməkdir.

HİT.az xəbər verir ki, bu barədə “Fox News” yazıb.

Məlumata görə, dələduzluq sxemi adətən bankdan gələn kimi görünən telefon zəngi ilə başlayır. Hətta zəng zamanı telefonda bankın adı və real telefon nömrəsi də görünə bilər. Bunun səbəbi “spoofing” texnologiyasıdır. Bu üsul vasitəsilə fırıldaqçılar zəng edən şəxsin nömrəsini və adını saxtalaşdıra bilirlər.

Bundan başqa, dələduzlar qarşı tərəfin adını, hesab məlumatlarını və digər şəxsi məlumatlarını əvvəlcədən əldə etmiş ola bilərlər. Daha sonra vətəndaşa hesabındakı vəsaitin təhlükədə olduğunu bildirərək ondan təcili addım atmasını tələb edirlər.

Mütəxəssislər bildirirlər ki, tələskənlik hissi yaratmaq fırıldaqçıların əsas üsullarından biridir. İnsan panikaya düşdükdə vəziyyəti məntiqli şəkildə qiymətləndirməkdə çətinlik çəkir və impulsiv qərar verə bilər.

Şübhəli zəng daxil olduqda ən təhlükəsiz addım telefonu bağlamaq və banka özünüz zəng etməkdir. Bunun üçün sizə zəng edən şəxsin təqdim etdiyi nömrədən deyil, bank kartının üzərində və ya bankın rəsmi saytında göstərilən əlaqə vasitələrindən istifadə etmək lazımdır.

Həmçinin bank əməkdaşı olduğunu bildirən tanımadığınız şəxslə danışarkən heç bir məxfi məlumatı paylaşmaq olmaz. Xüsusilə telefona göndərilən təsdiq və təhlükəsizlik kodlarını qarşı tərəfə demək təhlükəlidir. Bu məlumatlar hesabınıza giriş əldə etmək üçün istifadə oluna bilər.

Mütəxəssislər süni intellekt texnologiyalarının inkişafı fonunda səs saxtalaşdırılması hallarının da artdığına diqqət çəkirlər. Bu səbəbdən yaxınlarla əvvəlcədən gizli kod söz və ya ifadə müəyyənləşdirmək tövsiyə olunur. Belə bir ifadə qohumun səsini təqlid edən şəxsin kimliyini yoxlamağa kömək edə bilər.

Samir

0