“Antalya Diplomatiya Forumunun builki yığıncağı beynəlxalq münasibətlərin gərgin dövründə keçirilir”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, buna görə də Forum olduqca yüksək əhəmiyyət daşıyır:
“Kifayət qədər çox sayda dövlət və hökumət başçılarının, o cümlədən yüksək çinli rəsmilərin iştirak etdiyi tədbirlərdə dünyanın bu günü və münasibətlərin gələcək perspektivlərinin müzakirəsi yeni dünya nizamının formalaşmasında ciddi rol oynayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu müzakirələrdə iştirakı həlledici rola malikdir. Çünki builki müzakirələrdə Cənubi Qafqazdakı son vəziyyət önə çıxarılacaq və təbii ki, regionun aparıcı dövləti kimi Azərbaycan rəhbərliyinin iqtisadi və siyasi strategiyası nəzərə alınacaq”.
Ekspert vurğulayıb ki, bunun da səbəbi məlumdur:
“Azərbaycan regionda liderdir və onun iştirakı olmadan hər hansı gələcək perspektivdən danışmaq çətindir. Qarşıda isə Azərbaycanı özünün coğrafi mənada anklavı şəklində olan Naxçıvan bölgəsi ilə birləşdirən və Ermənistan ərazisindən keçən “Tramp marşrutu”nun işə salınması kimi taleyüklü məsələ var. Bu dəhliz yalnız ölkəmiz üçün, hətta region üçün də deyil, bütövlükdə Asiya və Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilmək perspektivinə malikdir.
Xüsusilə, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın oynadığı rol və üzərinə götürdüyü öhdəliklər baxımından tədbirdə ayrı-ayrı dövlər rəhbərlərinin dövlətimizin başçısı ilə açıq müzakirələrə meyil etmələri gözlənilir. Çünki indi dövlətlərarası münasibətlərdəki gərginlik enerji daşıyıcılarının alqı-satqı mənbələrində və marşrutlarında dəyişiklik tələb edir. Azərbaycan isə artıq özünü etibarlı tərəfdaş kimi dünya çatında təsdiqləyib. Həm də ölkəmizdən Avropaya istiqamətlənmiş boru kəmərləri strukturu formalaşıb və normal şəkildə fəaliyyət göstərir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Antalya Diplomatiya Forumu Türk Dövlətləri Təşkilatının beynəlxalq orbitdə getdikcə artan rolunun bariz ifadəsidir:
“Qardaş Türkiyənin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbiri “Yeni dünya açılımı” kimi də dəyərləndirmək olar. Çünki bu Forumda daha çox inkişaf etməkdə olan və qarşılıqlı etimad və əməkdaşlıq yolunu seçən dövlətlərin nümayəndələri iştirak edir”.
Elmir Mustafa



