“Müasir dövrdə rəqəmsal platformaların genişlənməsi fonunda Azərbaycanın tarixi-mədəni irsinə qarşı törədilən vandalizm aktları və sosial media üzərindən yayılan qeyri-etik davranışlar ciddi narahatlıq doğuran fundamental məsələlərdəndir”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, mədəni abidələrin müxtəlif vasitələrlə zədələnməsi və proseslərin rəqəmsal məkanda geniş müzakirə obyektinə çevrilməsi cəmiyyətdə birmənalı qarşılanmadı:
“Neqativ təzahürlər hüquqi müstəvidə olduğu qədər, mənəvi-etik baxımdan cəmiyyətin gələcək inkişafı üçün ciddi təhdid elementləri hesab olunmalıdır. Xüsusilə sosial media istifadəçiləri üzərlərindəki ictimai məsuliyyəti dərindən dərk etməlidirlər. Fərdi subyektiv yanaşmaların dövlət qanunlarından və ictimai maraqlardan üstün tutulması qəbuledilməzdir. İxtisas sahibi olmayanların insanlara istiqamət verməyi, “ağıllı məsləhətləri” tamamilə əsassızdır”.
Millət vəkili qeyd edib ki, insanlar rəqəmsal mühitdə neqativ tendensiyaların qarşısının alınmasında maraqlı olmalıdırlar:
“İntellektual dəyəri olmayan və ya cəmiyyətin mənəvi sütunlarını sarsıdan kontentlərin yüksək baxış sayı toplaması cəmiyyətin müəyyən hissəsinin maraq dairəsinin zədələndiyindən xəbər verir. Milli maraqlara birbaşa təsir edən paylaşımların baxış sayının artırılması və paylaşımların yayılması zərərli tendensiyaların tirajlanmasına birbaşa xidmət edir”.
Günay Ağamalı vurğulayıb ki, dövlət tərəfindən qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsinə və sosial şəbəkələrə nəzarət mexanizmlərinin gücləndirilməsinə baxmayaraq, tək inzibati sanksiyalarla mütləq nəticə əldə etmək imkansız görünür:
“Problemin həlli məqsədilə hüquqi tənzimləmə ilə yanaşı, maarifləndirmə işlərinin miqyası genişləndirilməli və cəmiyyət olaraq hər kəs bu istiqamətdə məsuliyyətini dərk edərək fəal mövqe sərgiləməlidir. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin cəmiyyətə zərərli fəaliyyətlərin qarşısının alınmasındakı sistemli əməyi xüsusi qeyd olunmalıdır”.
Deputat vurğulayıb ki, mübarizənin effektivliyi vətəndaş cəmiyyətinin fəallığından birbaşa asılıdır:
“Mənfi örnək olan şəxsləri paylaşmaq və bəyənmək əvəzinə, rəqəmsal məkanda faydalı və mənəvi dəyəri olan mövzulara üstünlük verilməlidir. Vandalizmə və mənəvi aşınmaya qarşı mübarizə dövlət qurumları ilə cəmiyyətin hər bir fərdinin vahid platformadan çıxış etməsini tələb edən strateji məsuliyyətdir. Rəqəmsal məkanda sağlam mühit yaratmaq və milli-mənəvi dəyərləri gələcək nəsillərə deformasiyaya uğramadan ötürmək üçün cəmiyyət olaraq əl-ələ verməliyik”.
Elmir Mustafa



