Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

SİYASƏT
16:19 / 18.04.2026
45

Azərbaycanla Ermənistanla arasında sülh təkcə Cənubi Qafqazda deyil, hətta qlobal səviyyədə ciddi töhfələr verəcək.

Bunu APA-nın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, yaranmış müsbət siyasi atmosferdən ən yüksək səviyyədə bəhrələnmək lazımdır: “Ümid edirik ki, son mərhələlər də tamamlanacaq və davamlı sülhün əldə olunmasını hamımız birlikdə görəcəyik. Hazırda müəyyən bir siyasi atmosfer formalaşıb. Sülhün tam şəkildə təmin olunması ilə Cənubi Qafqaz tamamilə yeni bir mühitə qovuşacaq. Beləliklə, hər kəs qazanacaq. Qarabağ artıq Azərbaycanın bir hissəsi kimi yenidən qurulur. Bu istiqamətdə böyük investisiyalar qoyulub, çox işlər görülüb. Bunlar hamımız üçün önəmlidir və proses hələ də davam edir. Orada artıq xeyli irəliləyiş əldə olunub”.

Cevdet Yılmaz qeyd edib ki, Türkiyə, Azərbaycan və Ermənistan, ümumilikdə isə Cənubi Qafqaz regionu bundan fayda əldə edəcək.

“Digər tərəfdən, Zəngəzur dəhlizi çox böyük əhəmiyyət daşıyır. Bu sülhlə birlikdə Azərbaycanla Türkiyə arasındakı əlaqə daha da güclənəcək. Eyni zamanda, Avropa ilə Asiya arasındakı əlaqə də möhkəmlənəcək”, - o əlavə edib.
 

0