Azərbaycan-Latviya münasibətləri: Sürətlə inkişaf edir

SİYASƏT
13:20 / 23.04.2026
159

“Dünən, aprelin 22-də Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirildi. Forumda hər iki ölkəni təmsil edən rəsmi şəxslər, iş adamları, iqtisadi qurumların nümayəndələri iştirak etdilər”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan-Latviya arasındakı münasibətlər 1992-ci ildən yaranıb:

“1992-ci ildə Latviya Azərbaycanın müstəqilliyini tanıyandan bir qədər sonra, 1994-cü ildə tərəflər arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycan Respublikasının Latviya Respublikasında səfirliyi, eləcə də 2006-cı ildə Latviya Respublikasının Azərbaycanda səfirliyi açılıb. Həmin dövrdən başlayaraq da münasibətlər artan dinamika üzrə müsbət istiqamətdə yüksəlməyə başlayıb. Bu dövr ərzində ən yüksək səviyyədə rəsmi şəxslərin, dövlət başçılarının, eləcə də hökumət başçılarının, nazirlərin, xarici işlər naziri və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri həyata keçirilib. Təbii ki, bu səfərlər çərçivəsində bir sıra məsələlərin müzakirə olunduğu da məlumdur”.

Partiya sədri qeyd edib ki, Azərbaycanla Latviya arasında indiyədək müxtəlif sahələri əhatə edən 45 sənəd imzalanıb:
“İqtisadi, ticari münasibətləri, eyni zamanda təhsil, mədəniyyət və digər məsələləri özündə ehtiva edən, tənzimləyən bir sıra sənədlərin qəbulu baş verib. Bu gün Azərbaycan-Latviya münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir. Eyni zamanda, Azərbaycan-Latviya Hökumətlərarası Komissiya fəaliyyət göstərir ki, bu komissiyanın da mütəmadi olaraq iclasları keçirilir və iki ölkə arasında iqtisadi, ticari və digər sahələr üzrə münasibətlərin inkişafı ilə bağlı müvafiq qərarlar qəbul edilir.

Yeri gəlmişkən, aprelin 21-də forumdan bir gün əvvəl Hökumətlərarası Komissiyanın Şuşa şəhərində növbəti iclası keçirildi. Forumda hökumət nümayəndələri bir gün əvvəl keçirilmiş Hökumətlərarası Komissiyanın işi ilə bağlı və baş tutmuş iclasla bağlı ətraflı məlumat da vermişdilər”.

Millət vəkili əlavə edib ki, iki ölkə arasındakı əlaqələr müxtəlif spektrləri əhatə edir:
“Azərbaycandan Latviyada 450 tələbə təhsil alır. Bu, Azərbaycan tələbələr Latviya ilə daha yaxından tanış olmaları, müxtəlif biliklərə yiyələnmələrilə yanaşı, gələcəkdə də iki dövlət arasında münasibətlərin müsbət məcrada inkişafına öz dəstəklərini verəcəklər. Həmçinin, 47 Latviya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bununla da Azərbaycan iqtisadiyyatına bu və ya digər formada öz töhfələrini verməkdədirlər. 


Cənab Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, 20 ildir Latviya Prezidenti ilə çox yaxın dost münasibətləri var. Təbii ki, dövlət başçıları arasındakı bu dost münasibəti dövlətlərarası münasibətlərə də müsbət mənada yansımış olur”.

Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
“Bu cür tədbirlərin keçirilməsi, müxtəlif sahələr üzrə məsələlərin müzakirə olunması, qarşılıqlı səfərlər və dünən keçirilən forum bunu bir daha deməyə əsas verir ki, Azərbaycan-Latviya münasibətləri artan xətt üzrə inkişaf edir. Hesab edirəm ki, gələcəkdə də dövlətlərimiz arasındakı münasibətlər lazımi səviyyədə müxtəlif spektrləri əhatə etməklə inkişaf edəcək”.

Elmir Mustafa

0