Azərbaycan-Latviya əlaqələri: Əməkdaşlıq genişlənir

SİYASƏT
14:01 / 23.04.2026
85

“Azərbaycanla Latviya arasındakı münasibətlər son illərdə sabitlik və qarşılıqlı anlaşma fonunda inkişaf edən əməkdaşlıq modeli kimi xarakterizə olunur”.

Bu sözləri Milli Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr iki ölkə arasında daimi siyasi təmasların formalaşmasına zəmin yaradıb:

“Latviyanın həm Avropa İttifaqında, həm də NATO-da təmsil olunması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə göstərilən dəstəyin beynəlxalq müstəvidə daha da güclənməsinə şərait yaradır. Bu faktor ikitərəfli münasibətlərin siyasi dayaq nöqtələrindən biri kimi çıxış edir və Avropa ilə əlaqələrin dərinləşməsinə təsir göstərir.

İqtisadi əməkdaşlıq müəyyən istiqamətlər üzrə davam etsə də, hələ də tam potensialını reallaşdırmayıb. Xüsusilə tranzit imkanları, logistika şəbəkələri və regional nəqliyyat layihələri gələcək əməkdaşlığın əsas istiqamətləri kimi önə çıxır”.

Deputat qeyd edib ki, enerji sahəsi də qarşılıqlı maraq doğuran mühüm istiqamətlərdəndir:

“Azərbaycanın enerji resursları Latviya üçün alternativ təchizat mənbəyi rolunu oynaya bilər və bu sahədə əməkdaşlığın genişlənməsi perspektivli görünür. Ticarət dövriyyəsinin hazırkı səviyyəsi geniş olmasa da, iqtisadi əlaqələrin artırılması üçün real imkanlar mövcuddur. İnvestisiya axını və biznes əlaqələrinin inkişafı bu istiqamətdə əsas hərəkətverici faktor ola bilər”.

Millət vəkili diqqətə çatdırıb ki, parlamentlər səviyyəsində də əlaqələr davamlı xarakter daşıyır:

“İşçi qrupların fəaliyyəti, qarşılıqlı səfərlər və müzakirələr iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, Azərbaycan-Latviya münasibətləri qarşılıqlı maraqlara əsaslanan və gələcəkdə daha da genişlənmə potensialına malik olan əməkdaşlıq xətti üzrə inkişaf etməkdədir”.

Günel Cəlilova

0