“Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri və dövlət başçımız cənab İlham Əliyevlə keçirdiyi görüşlər bir daha təsdiq etdi ki, Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş kimi mövqeyini ardıcıl şəkildə gücləndirir”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, səfər real nəticələrə hesablanmış, praqmatik və gələcəyə yönəlmiş əməkdaşlıq mərhələsinin məntiqi davamıdır:
“Xüsusilə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan–Latviya münasibətləri formalaşmış və dayanıqlı hüquqi bazaya əsaslanır. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrimizin konkret hədəflər üzərində qurulduğunu göstərir.
Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum əməkdaşlığın yeni mərhələyə keçdiyinin təzahürüdür. Qarabağda keçirilən görüş xüsusilə əhəmiyyətlidir. Azərbaycan tərəfdaşları sözegedən prosesə dinamik şəkildə cəlb etməklə işğaldan azad olunmuş əraziləri beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevirir”.
Millət vəkili qeyd edib ki, nəqliyyat və birbaşa uçuşların təşkili ilə bağlı müzakirələr xüsusən önəmlidir:
“Bu, logistika məsələsi olmaqla yanaşı, birbaşa aviareyslər insanların inteqrasiyasına xidmət edəcək. Xüsusilə hazırda qlobal aviasiya sektorunda müəyyən çətinliklərin olduğu bir dövrdə Azərbaycanın bu sahədə sabit və dayanıqlı imkanlara malik olması geniş üstünlük yaradır.
Təhsil sahəsində əməkdaşlıq və Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması münasibətlərimizin möhkəmləndiyindən xəbər verir. Gənclər iki ölkə arasında gələcək əlaqələrin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər”.
Partiya sədri vurğulayıb ki, görüş zamanı regional təhlükəsizlik məsələlərinin və Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi xüsusi önəm daşıdı:
“Ölkə başçımız cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan bölgədə dayanıqlı sülhün tərəfdarıdır və artıq formalaşmış yeni reallıqlar fonunda prosesə konstruktiv yanaşma nümayiş etdirir. De-fakto sülh şəraitinin yaranması və əməkdaşlıq elementlərinin ortaya çıxması region üçün yeni mərhələnin başlanmalıdır.
Azərbaycan regionda və beynəlxalq aləmdə siyasi dialoq yaradan, iqtisadi əməkdaşlıq platforması formalaşdıran və sülh təşəbbüsləri ilə çıxış edən əzəmətli dövlətdir. Bütün sadalanan uğurlu siyasətin mərkəzində möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyi dayanır”.
Elmir Mustafa



