Deputatlar Prezidentin layiq görüldüyü mükafatdan danışdılar

SİYASƏT
13:19 / 27.04.2026
115

Azərbaycan Prezidenti beynəlxalq sülh təşəbbüslərinə görə daha bir mükafata layiq görülüb. 

Ölkə başçısı İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb. Prezident bununla bağlı müraciətində Gernika-Lumo və Pforshaym şəhər şuralarına, həmçinin Gernika Sülh Muzeyi və Gernika Qoqoratuz Sülh Araşdırmaları Mərkəzinə təşəkkürünü bildirib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Hit.az-a açıqlamasında bildirib ki, müharibə və sülh anlayışları bir-birinə zidd olsa da, bəzən sülhə nail olmaq üçün müharibə aparılması müəyyən qanunauyğunluq yaradır: 

397588

“Əgər müharibə ədalətli və beynəlxalq hüquqa uyğun şəkildə aparılırsa, bu zaman “müharibədən sülh necə yaranır?” sualı fəlsəfi müstəvidə aktuallaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük müharibə dövründə təkcə sülhə nail olmaqla kifayətlənmədi, eyni zamanda beynəlxalq hüququn nüfuzunun bərpasına da töhfə verdi. Bu proses dünyada insanların sülhə olan inamını gücləndirdi və ədalətin bərpasına xidmət etdi”.

Millət vəkili qeyd edib ki, belə bir mövqe, xüsusilə işğalçılıq siyasəti yürüdən tərəflərə qarşı prinsipial yanaşma kimi çıxış edir:

“Gernika şəhəri də Azərbaycanın Xocalı, Füzuli və digər bölgələri kimi 1937-ci ildə deyil, daha sonrakı dövrlərdə ağır hücumlara məruz qalıb. Buna görə də Azərbaycan Prezidentinə verilən mükafat ədalətli və çox əhəmiyyətli hesab olunur. Çünki Azərbaycan müharibədən dərhal sonra sülhün təmin olunması istiqamətində addımlar atmış və qarşı tərəfin etdiyi hərəkətləri təkrarlamayıb”.

 

Milli Məclisin deputatı Aydın Hüseynov isə Hit.az-a deyib ki, Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi son günlər ictimai və siyasi müstəvidə diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir: 


“Bu mükafatın adı Gernika şəhəri ilə bağlıdır. Məlum olduğu kimi, bu şəhər Gernika hadisəsindən sonra dünyada sülhün və müharibə əleyhdarlığının simvollarından birinə çevrilib. Bu baxımdan, həmin mükafat daha çox sülh təşəbbüsləri, dialoq və barışıq istiqamətində fəaliyyət göstərən şəxslərə təqdim olunur.

Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi ilk növbədə Azərbaycanın beynəlxalq müstəvidə təqdimatına təsir edən hadisə kimi dəyərləndirilə bilər. Xüsusilə son illərdə regionda baş verən proseslər və münaqişədən sonrakı dövr nəzərə alındıqda, bu cür mükafatlar ölkənin özünü sülh tərəfdarı kimi təqdim etməsi baxımından əlavə siyasi və diplomatik əhəmiyyət daşıyır”.

Millət vəkili diqqətə çatdırıb ki, belə beynəlxalq təltiflər Azərbaycanın “yumşaq güc” imkanlarını genişləndirmək üçün də bir vasitə kimi çıxış edir:
“Bu, ölkənin xarici auditoriya qarşısında imicinin formalaşmasına, beynəlxalq təşkilatlar və tərəfdaşlarla münasibətlərdə əlavə arqument kimi istifadə olunmasına şərait yaradır. Eyni zamanda, bu kimi hadisələr xarici medianın diqqətini cəlb edərək Azərbaycan haqqında informasiya axınını da artırır.


Hər hansı beynəlxalq mükafatın ölkənin ümumi nüfuzuna təsiri həlledici amil olmaqla beynəlxalq imic daha çox real siyasi addımlar, regional siyasət, iqtisadi əməkdaşlıq və insan hüquqları sahəsindəki vəziyyət kimi kompleks faktorlarla formalaşır. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsi baxımından müsbət təsir yaradacaq”.
 

Günel Cəlilova

0