“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi olduqca mühümdür”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
O, bu mükafat dövlətimizin başçısının sülhpərvər mövqeyinin növbəti dəfə qiymətləndirilməsidir:
“Cənab Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan xəbər verir. Bunu həmçinin ölkəmizin sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə verdiyi töhfələrin növbəti təsdiqi kimi qiymətləndirmək lazımdır”.
Millət vəkili vurğulayıb ki, “Gernika mükafatı” sülhün simvoludur:
“Adını Gernika şəhərindən alan bu mükafat tarixən sülh və barışığın simvolu kimi qəbul edilib. Çünki o özündə Gernika bombardımanı kimi faciələrin bir daha təkrarlanmaması ideyasını təcəssüm etdirir. Sözügedən mükafatın da məhz Gernika qurbanlarının anım günü olan 26 apreldə təqdim olunması xüsusi rəmzi məna daşıyır”.
Vüqar İskəndərov diqqətə çatdırıb ki, bu nüfuzlu mükafatın məhz Azərbaycan Prezidentinə təqdim olunması da çox böyük əhəmiyyətə malikdir:
“Bu, dövlətimizin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyinin, regionda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin və qlobal əməkdaşlığa verdiyi önəmin yüksək dəyərləndirilməsidir. Həmçinin, dövlətimizin başçısının “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir və ölkəmizin gələcək uğurları üçün əlavə stimul yaradır”.
Elmir Mustafa



