“Azərbaycanla Ukrayna arasındakı münasibətləri sadəcə iki dövlətin siyasi əməkdaşlığı kimi deyil, eyni zamanda tarixin sınaqlarından keçmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sarsılmaz bir dostluq nümunəsi kimi dəyərləndirmək laızmdır”.
Bu sözləri Azad Vətən Partiyası sədrinin müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.
O, iki ölkə arasındakı münasibətlərin dərin kökləri olduğunu bildirib:
“Tərəflər arasındakı güclü əlaqələr yeni formalaşmayıb, tarixə söykənir. Azərbaycanla Ukrayna arasındakı diplomatik əlaqələr 1992-ci ildən qurulub. Ümumilli Lider Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfər etməsi ilə iki ölkə arasında möhkəm əlaqələrin təməlini qoyub. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə Azərbaycanın Ukraynada səfirliyi açılıb.
Daha sonra Prezident İlham Əliyevin də Ukraynaya səfərləri ilə bu münasibətlərdə inkişaf dinamikası başladı. Həmçinin, Ukrayna liderləri də mütəmadi olaraq ölkəmizə səfər edirlər. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü daima dəstəkləyib və beynəlxalq platformalarda dəstəyini göstərib. Bundan başqa, Azərbaycan və Ukrayna xalqlarının da əlaqələri kifayət qədər yüksəkdir”.
Ekspert qeyd edib ki, Ukrayna keçmiş Qarabağ münaqişəsi zamanı hər zaman haqqın tərəfində yer alıb:
“Uzun illər davam edən bu münaqişə zamanı rəsmi Kiyev hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb və ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Həmçinin, Azərbaycan da Krım, Donetsk, Luqansk və işğal olunan digər əraziləri həmişə Ukraynanın tərkib hissəsi kimi tanıyıb.
İşğala məruz qalan iki ölkə bu mənada bir-birilərini yaxşı başa düşərək, dəstəklərini əsirgəməyiblər. Eyni zamanda, Cənub Qaz Dəhlizi və enerji faktoru Azərbaycan-Ukrayna münasibətlərində müstəsna yeri var. Bu da böyük həmrəylik nümunəsidir. Xüsuilə 4 ildir davam edən müharibə fonunda SOCAR-ın dəstəyinin Ukrayna üçün necə həyati əhəmiyyət daşıdığı hamıya məlumdur”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, iki ölkə arasında bir çox sahədə geniş əməkdaşlıq əlaqələri mövcuddur:
“Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, qida, tikinti, logistika, təhsil, mədəniyyət və digər çox sahədə əməkdaşlıqlar var. Hər iki ölkə qarşılıqlı investisiyalar yatırırlar. Bundan başqa, humanitar dəstəyi xüsusi vurğulamaq lazımdır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Kiyevə mütəmadi şəkildə humanitar yardım göndərir”.
Afiq Axundov əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Qəbələyə səfəri zamanı mühüm mesajlar verildi:
“Əvvəla, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Volodimir Zelenski ilk dəfə Cənubi Qafqaz ölkələrinə səfər etdi. Bu ilk səfərin Azərbaycana edilməsi də tərəflər arasındakı münasibətlərin səviyyəsindən xəbər verir. Müharibə dönəmində Azərbaycanın Ukraynaya 11 dəfə yardım paketi göndərməsi də xalqlarımız arasındakı həmrəyliyin rəmzi kimi qiymətləndirilir.
Ukrayna lideri buna görə də Azərbaycan Prezidentinə təşəkkür etdi. Zelenksinin mühüm bəyanatlarının biri də Ukrayna və Rusiya liderlərinin görüşü üçün Bakının ev sahibliyini təklif etməsi idi. Bunun özü də Azərbaycanın obyektiv, sülhsevər və neytral malik olmasının təzahürüdür”.
Elmir Mustafa



