Azərbaycan-Çexiya əlaqələri: Qeyri-neft-qaz sektorunda əməkdaşlıq genişlənəcək

SİYASƏT
11:30 / 28.04.2026
90

Azərbaycanın beynəlxalq arenada mövqeyi getdikcə daha da güclənir və bu, ölkəyə artan yüksək səviyyəli rəsmi səfərlərdə aydın şəkildə hiss olunur. 

Aprelin 26-da Çexiyanın Baş naziri Andrey Babişin Bakıya gəlişi də bu tendensiyanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Bu cür səfərlər Azərbaycanın artıq qlobal siyasətdə söz sahibi olan və etibarlı tərəfdaş kimi qəbul edilən ölkələr sırasında yer aldığını göstərir. Ümumilikdə, müxtəlif dövlət rəhbərlərinin ölkəmizə artan marağı Bakının həm strateji, həm də iqtisadi baxımdan əhəmiyyətinin yüksəldiyini bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Çexiya arasında münasibətlər son illərdə daha sistemli və məqsədyönlü xarakter alaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: 

397704

“İki ölkə arasındakı iqtisadi göstəricilər də bu əməkdaşlığın real nəticələrini əks etdirir. 2025-ci ildə qarşılıqlı ticarətin həcmi yüz milyonlarla dollarla ölçülür və bu dövriyyədə Azərbaycanın ixrac üstünlüyü açıq şəkildə müşahidə olunur. Bu isə ölkəmizin xarici ticarət balansında müsbət dinamikanın qorunduğunu göstərir. Hazırda Çexiya Azərbaycanın əsas ixrac istiqamətlərindən biri kimi önəmli yer tutur və Avropa İttifaqı məkanında aparıcı tərəfdaşlardan hesab olunur. Xüsusilə enerji sahəsində qurulan əlaqələr münasibətlərin əsas sütunlarından biridir”.

Millət vəkili qeyd edib ki, tərəflər artıq əməkdaşlığı yalnız ənənəvi enerji ilə məhdudlaşdırmır, alternativ və “yaşıl” enerji, enerji səmərəliliyi və hidrogen texnologiyaları kimi müasir istiqamətlərdə də genişləndirməyə çalışırlar:

“Çexiya hökumət başçısının Azərbaycana səfəri çərçivəsində təşkil olunan biznes forum isə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm platforma rolunu oynayacaq. İşgüzar dairələrin bir araya gəlməsi yeni layihələrin formalaşmasına və investisiya imkanlarının genişlənməsinə təkan verəcək. Eyni zamanda, bu proses yaxın illərdə ticarət dövriyyəsinin artacağını və xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın daha da güclənəcəyini göstərir”.

Deputat onu da əlavə edib ki, Çexiyadan gələn iş adamlarının iştirakı ilə keçirilən biznes-forumun keçirilməsi qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir: 

“Səfər kifayət qədər pozitiv və iki ölkə arasında münasibətlərin dərinləşməsinə birmənalı şəkildə müsbət təsir edəcək. Azərbaycan Çexiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi enerji məhsullarının üzərində qurulub. Biznes forumda müzakirə, əldə edilən nəticələr onu göstərir ki, artıq iki ölkə arasında yeni bir mərhələdə qeyri-neft qaz sektorunda dərin əməkdaşlıq qurulacaq”.

Günel Cəlilova

0