Azərbaycan-Çexiya münasibətləri yeni mərhələdə

SİYASƏT
15:00 / 28.04.2026
111

“Azərbaycan Avropa ilə çoxtərəfli əməkdaşlığa üstünlük verir”. 

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz Şərq, Qərb, Şimal və Cənubla hər tərəfli əməkdaşlıq aparır:


“Azərbaycan bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığa açıqdır və bunda maraqlıdır. Bu baxımdan, Azərbaycanla Çexiya arasında da geniş əməkdaşlıq əlaqələri mövcuddur. Çexiyanın Baş naziri Andrey Babiş Qəbələyə səfəri zamanı verdiyi bəyanatlarda da ölkələrimiz arasındakı geniş ticari əlaqələrdən danışdı. Əməkdaşlığın yüksələn xətt üzrə davam etməsi Avropa Azərbaycana olan etibar və inamı göstərir. Bu, həm də iki ölkə arasındkaı sıx əlaqələrin təzahürüdür”.

Həmsöhbətimiz Çexiyanın Baş nazirinin Qəbələyə səfərinin də mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasındakı görüş çox səmimi şəkildə keçdi. Bir daha iki ölkə arasındakı münasibətlərin necə yüksək səviyyədə olduğu göründü. Ümumiyyətlə, Azərbaycanın belə bir ölkə bu səviyyədə münasibət qurması çox yaxşıdır. 

İmzalanan sənədlər və bəyanatlardan da gördük ki, tərəflər arasındakı münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək. Xüsusən iqtisadi və hərbi sahədə daha geniş əməkdaşlıq nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, Çexiyanın müdafiə sənayesi baxımından zəngin təcrübəsi var. Onların bu sahədəki texnoloji təcrübəsi ölkəmizin yerli istehsal potensialını artırmaq üçün zəmin yaradacaq. Azərbaycanın Avropa ölkələri ilə bu şəkildə yaxınlaşması və belə güclü əlaqələr qurması çox böyük siyasi uğurdur”.

Partiya sədri onu da vurğulayıb ki, Azərbaycanla Çexiya əlaqələri artıq yeni mərhələyə qədəm qoyub:
“İki ölkə arasında fəal siyasi dialoq və bütün sahələri əhatə edən böyük əməkdaşlıq əlaqələri var. Ölkələrimiz arasında birgə istehsalla bağlı danışıqların da getməsi olduqca mühümdür. Bundan başqa, iki ölkə arasındakı ticarət dövriyyəsinin 800 milyon dolları da ötməsi kifayət qədər böyük və müsbət göstəricidir. 

Eyni zamanda, tərəflər arasında sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika, kənd təsərrüfatı, hərbi və biznes əlaqələrinin də gücləndirilməsi istiqamətində çox mühüm addımlar atılır. Bütün fonların fonunda hesab edirəm ki, artıq Azərbaycan-Avropa münasibətlərində də yeni bir mərhələ başlayıb”.

Siyasətçi qeyd edib ki, Çexiya Avropanın əhəmiyyətli ölkələrindən biridir:
“Adıçəkilən ölkə Avropanın ən qədim dövlətlərindən biridir. Yəni Çexiyanın Avropada xüsusi bir yeri var. Onların paytaxtı Praqa şəhəri də Avropanın ən qədim mərkəzlərindən hesab olunur”.

Elmir Mustafa


 

0