Azərbaycan-Ermənistan münasibətləri: "Sülh prosesi uğurla davam edir"

SİYASƏT
13:22 / 12.05.2026
244

“Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi uğurla davam etdirilir”.

Bu sözləri Azad Vətən Partiyasının sədr müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasındakı sülh prosesi onilliklər boyu davam edən münaqişədən sonra regionda daimi sabitlik və iqtisadi tərəqqi üçün tarixi şans yaradıb:


“Artıq bir ildir ki, bu proses bəyanatlar mərhələsindən konkret praktiki addımlar mərhələsinə keçid edib. Qarşılıqlı gediş-gəlişlər, ticarət əlaqələrinin formalaşması, sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də birbaşa siyasi dialoq mühitinin formalaşması düşmənçiliyi tamamilə bitirib. Hazırda Azərbaycanla Ermənistan arasında yaxşı qonşuluq münasibətləri var. Üstəlik, tərəflər arasındakı ticari əlaqələrin genişlənəcəyi də proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, yekun sülh müqaviləsi ilə bağlı da işlər gedir:
“Biz hər iki tərəfdən verilən bəyanatlardan da görürük ki, bu proses uğurla yekunlaşmaq üzrədir. Demək olar ki, tərəflər arasında ziddiyətli məsələlər qalmayıb. İki ölkə rəsmiləri problemləri dialoq vasitəsilə həll edirlər.

Üstəlik, Ermənistan Azərbaycana qarşı hər hansısa ərazi iddiasının olmadığını hər fürsətdə rəsmən bəyan edir. Hazırda sadəcə Konstitusiyada bəzi maddələr qalıb. Lakin bu məsələnin də Ermənistanda keçirilən parlament seçkilərindən sonra öz həllini tapacağı gözlənilir”.

Afiq Axundov hesab edir ki, qısa müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:
“Son proseslər fonunda əminliklə demək olar ki, Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasına çox qısa müddət qalıb. Ermənistanda keçirilən parlament seçkilərindən sonra orada refendumun da keçirilməsi və Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının tamamilə çıxarılması gündəmdədir. Belə olacağı təqdirdə, uzun illərdir davam edən düşmənçilik tarixə qovuşacaq və tərəflər arasında gələcəkdə də hansısa problemin yaranmasının qarşısı alınacaq”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, iki ölkə arasında kommunikasiyaların açılması ilə Ermənistanın regional təcriddən çıxacaq, Azərbaycanın isə strateji tranzit qovşağı kimi mövqeyi daha da güclənəcək: 
“Xüsusilə ABŞ-nin vasitəçiliyi ilə Zəngəzur dəhlizinin də açılacaq olması iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Hesab edirəm ki, çox qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Ondan sonra isə regionda daimi sülh və sabitlik hökm sürəcək. Beləliklə, Cənubi Qafqaz tarixində münaqişəsiz bir dövr başlayacaq”. 

Elmir Mustafa

0